İsraillə Livan arasında gərginliyin azalması üçün şərt açıqlandı
Son dövrlərdə rəsmi Təl-Əviv və Beyrut xəttində ABŞ-nin vasitəçiliyi ilə atılan addımlar Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşması istiqamətində diqqətçəkən hadisələrlə müşayiət olunur. İsrail və Livan nümayəndələrinin ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə niyyətlərə dair çərçivə sazişi imzalaması bölgədə uzunmüddətli atəşkəs perspektivlərini və strateji sabitlik cəhdlərini yenidən gündəmə gətirib. Bu kontekstdə, çərçivə sazişinin sadəcə keçici bir diplomatik gediş, yoxsa real təhlükəsizlik zəmanəti olması, həmçinin prosesin pərdəarxası məqamları hazırda beynəlxalq analitikanın əsas müzakirə mövzusudur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Cəbrayılov bildirib ki, Livan və İsrail arasında sazişin imzalanması məsələsinə daha geniş aspektdən yanaşmaq lazımdır, çünki hazırda Livan hökuməti daha çox Hizbullahın təsiri altındadır:

“Livan xalqının milli iradəsini təmsil edən qanuni hökumət daxildə Hizbullahın formalaşdırdığı təhdidlər və yaratdığı problemlər qarşısında acizdir. Bu vəziyyət Livanın daxilində ciddi böhranlara yol açır. Hesab edirəm ki, konkret bu sazişin əsas məqsədi sadəcə İsrail və Livan arasındakı münasibətləri yenidən normallaşdırmaq deyil. Burada daha böyük geosiyasi məqsədlər var. Birincisi, ABŞ Livan dövlətinin təhlükəsizliyi üzərində nəzarətini gücləndirmək və Hizbullahın hərbi imkanlarını zəiflətmək istəyir. Bu məsələdə ABŞ və İsrailin mövqeləri üst-üstə düşür. Razılaşmanın əsas istiqamətlərindən biri də məhz Livan ordusunun ölkənin cənubunda daha fəal rol alması və qeyri-dövlət silahlı qruplaşmalarının təsirinin azaldılmasıdır. Bu proses kənardan İsrailin Livanın suverenliyinə və milli təhlükəsizliyinə müdaxiləsi kimi görünsə də, əslində real mənzərə fərqlidir. Hazırda Livanın milli suverenliyi üçün ən böyük problem daxildə fəaliyyət göstərən Hizbullah terror təşkilatı və İranın nəzarətində olan proksi qruplardır”.
Ekspert vurğulayıb ki, İsrail üçün əsas məqsəd şimal sərhədində təhlükəsizlik zəmanətinin yaradılmasıdır və rəsmi Təl-Əviv üçün Hizbullahın raket, eləcə də hərbi infrastrukturu zəifləmədən uzunmüddətli sabitlik mümkün deyil:
“İsrail bu prosesi ilk növbədə öz milli təhlükəsizliyi prizmasından qiymətləndirir. Rəsmi Təl-Əviv hərbi əməliyyatların dayandırılması müqabilində başda ABŞ olmaqla əsas beynəlxalq aktorlar qarşısında sual qoyur: sabah əməliyyatlar dayandırıldıqdan sonra Hizbullahın İsrailin şimal bölgələrinə yenidən təhdid yaratmayacağına dair zəmanət varmı? Digər tərəfdən, ABŞ regionda İranın təsir dairəsini məhdudlaşdırmağa çalışır, çünki Hizbullah uzun illərdir İranın Yaxın Şərqdəki ən mühüm strateji dayaqlarından biridir. Bu baxımdan, imzalanan saziş təkcə iki ölkə arasında çərçivə sənədi anlamına gəlmir, həm də daha geniş regional güc balansının dəyişməsi ilə bağlıdır. Lakin bu razılaşmanın ən böyük zəif tərəfi ondan ibarətdir ki, Hizbullah bu sazişin tərəfi deyil. Təşkilat prosesdə bir tərəf kimi qəbul edilmək istəsə də, bu mümkün deyil. Buna görə də Hizbullah sazişi rədd edib. Bu isə o deməkdir ki, sənədin icrası kağız üzərində göründüyü qədər asan olmayacaq. Əgər Livanın daxilində siyasi konsensus yaranmasa, qanuni dövlət institutları və parlamentdə böyük təsirə malik olan Hizbullah arasında razılıq əldə edilməsə, İsrail üçün bu təhlükələr həmişə mövcud olacaq”.
O, həmçinin qeyd edib ki, bu çərçivə sazişinin indiki mərhələdə sülh və təhlükəsizlik üçün tam təminat yaratdığını demək hələ tezdir və prosesi sadəcə olaraq yeni təhlükəsizlik arxitekturası qurmaq üçün bir cəhd kimi qiymətləndirmək olar:
“Ortada hələ də Hizbullahın mövcudluğu və yaratdığı problemlər var. Bu da həm İsrail, həm də Livanın daxili sabitliyi üçün birbaşa təhdiddir. Əgər razılaşma uğurla icra olunarsa, İsrail-Livan sərhədində uzun illər davam edən hərbi gərginlik azala bilər. Lakin Livan dövlətinin institutları güclənməsə və İranın bölgədəki təsiri müəyyən qədər zəifləməsə, eskalasiya üçün yenə münbit şərait yaranacaq. Yalnız bu problemlər aradan qaldırılacağı təqdirdə çərçivə sazişinin effektivliyindən söhbət açmaq olar. Son olaraq qeyd edim ki, bu gün bu razılaşmanı real sülhdən ziyadə, gələcəkdə Yaxın Şərqdə gərginliyin azalması istiqamətində ilk geosiyasi proseslərin başlanğıcı və müsbət bir bəyanat kimi qiymətləndirmək mümkündür. Sazişin konkret uğuru isə sənəddən çox, qarşıdakı aylarda tərəflərin nümayiş etdirəcəyi real siyasi iradədən və xüsusilə də Livan daxilindəki vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq”.
Ayxan İbişov
18:50 29.06.2026
Oxunuş sayı: 47