Trampa qarşı sui-qəsd - Başqa təyyarə ilə qaçdı
İranın ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd hazırladığı barədə yayılan məlumatlar Vaşinqton-Tehran qarşıdurmasını yenidən gündəmə gətirib. Xüsusilə Trampın Türkiyədə keçirilən NATO sammitindən sonra gözlənilmədən başqa təyyarəyə keçirilməsi və səfərinin gizli şəkildə davam etdirilməsi bu iddiaların daha geniş müzakirə olunmasına səbəb olub. ABŞ rəsmiləri bu qərarın İrandan gələn mümkün təhlükə ilə əlaqəli olduğunu bildirirlər. Lakin ABŞ və Türkiyə kəşfiyyatında həmin təhdidin nə dərəcədə real olması ilə bağlı fərqli qiymətləndirmələr də var.
Bəs İranın həqiqətən Donald Trampa qarşı sui-qəsd həyata keçirmək imkanları varmı? Əgər belə bir cəhd baş verərsə, bu, yalnız ABŞ və İran münasibətlərinə deyil, bütövlükdə Yaxın Şərqdəki proseslərə necə təsir göstərə bilər? Vaşinqtonun mümkün cavabı nə olacaq və belə bir hadisə yeni müharibə dalğasına səbəb ola bilərmi?
Siz necə düşünürsünüz: İran Trampa sui-qəsd edə bilərmi? Sui-qəsd baş verərsə, proseslər bundan sonra necə inkişaf edəcək?
Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Amerikanın yaxın tarixinə baxsaq,açıq şəkildə terror siyasəti həyata keçirdiyini görərik: “Ayrı-ayrı dövlətlərə və dövlət başçılarına qarşı sui-qəsdlərin həyata keçirilməsi bu dövlətin terror siyasətinin bariz nümunəsidir. İraqı işğal edərək Səddam Hüseyni öldürdülər, Qəddafini öldürdülər. İstər Tramp hakimiyyətində Venesuelada bir dövlət başçısının evindən oğurlanaraq Amerikaya aparılması, orada mühakimə edilməsi və həbsdə saxlanılması nəyə hesablanır? Onu da qeyd edim ki, İranda baş verən hadisələr həmin terror siyasətinin məntiqi nəticəsidir. Bir dövlət başçısının, İranın xalq tərəfindən seçilən dini liderinin qətlə yetirilməsi, İranda ayrı-ayrı elm adamlarının, hərbçilərin, generalların öldürülməsi Amerika dövlətinin terror siyasətinin bariz nümunəsidir. Elə bu siyasətin birbaşa Amerika Prezidenti tərəfindən verildiyi barədə məlumatlar da eşidirik. Sadəcə, bu onu göstərir ki, Amerika dövləti güclüdür və güclü olduğuna görə bu siyasəti həyata keçirərək beynəlxalq ictimaiyyəti qorxu içərisində saxlamaq istəyir. Təbii ki, baş verən hadisələrə adekvat cavab vermək həmin xalqların, həmin dövlətlərin haqqıdır. Ancaq problem ondadır ki, İran dövlətinin Trampa qarşı sui-qəsd həyata keçirmək gücünə malik deyil”.

Politoloq qeyd edib ki, əgər o gücə malik olsaydı, bu həyata keçirilə bilərdi, çünki onun haqqıdır: “Çünki bir dövlətin rəhbərini, dini liderini, xüsusilə də dini lideri qətlə yetirmək birbaşa terrordur. Buna görə də İran dövlətinin cavab vermək haqqı var və bu barədə İran rəsmilərinin açıq şəkildə bəyanatlarını da eşidirik ki, biz buna cavab verəcəyik. Ancaq cavab verəcək söz bəyanatıdır. Bəs real gücə malikdirlərmi? Trampın Türkiyə səfəri heç bir problemlə qarşılaşmadı. Tramp Türkiyədə NATO-nun zirvə toplantısında iştirak etdi, ayrı-ayrı dövlət başçıları ilə həm ikitərəfli, həm də çoxtərəfli görüşləri oldu. Sadəcə, Amerika Birləşmiş Ştatlarında qarşıdan Konqres seçkiləri gəlir. Tramp növbəti şousunu yaratmaqla Amerika ictimaiyyətində reytinqini qaldırmaq üçün bir şou yaratdı və gizli şəkildə Amerikaya getməklə, başqa bir təyyarə ilə yola düşməklə bu şounun əvvəlcədən planlaşdırıldığını göstərdi. Və bunu da bir müddətdən sonra Amerika ictimaiyyətinə, dünya ictimaiyyətinə sızdıraraq Tramp respublikaçıların reytinqini qaldırmaq niyyətilə bir addım atdı. Açıq desək, Türkiyədə bu terrorun sifarişinin həyata keçirilməsi real deyildi. Ona görə ki, Türkiyə yüksək səviyyədə bu tədbirə hazırlaşmışdı və təhlükəsizlik yüksək səviyyədə təmin edilirdi. Sadəcə, Trampın gəlişi də bunu göstərdi. O, Türkiyədə bir neçə gün qalaraq görüşləri keçirdikdən sonra başqa bir təyyarə ilə getdi. Onun başqa bir təhlükə ilə getməsi, sifarişin təhlükə yaratması anlamına gəlmir. Tramp öz şousunu yaratmaqla Amerika ictimaiyyətində və dünya ictimaiyyətində reytinqini qaldırır. Gələcəkdə Konqresə aralıq seçkilərində respublikaçıların məğlub olmaması və bu məsələnin Amerika ictimaiyyətinin diqqətində saxlanılması üçün aparılan bir siyasətdir. Hesab edirəm ki, Türkiyədə NATO zirvə toplantısında Trampa qarşı sui-qəsd planının reallaşdırılması mümkün deyildi. Mümkün olsaydı, o gələn andan bunu həyata keçirərdilər. Amma hesab edirəm ki, bu real olmadığına görə, İranın da buna gücü olmadığına görə bu həyata keçirilmədi və keçirilə də bilmədi. Təbii ki, İran dövlətinin qisas almaq haqqı var və bu barədə dəfələrlə İran rəsmiləri bəyan edirlər ki, biz buna adekvat cavab verəcəyik. Adekvat cavab da təbii ki, birinci şəxsə qarşı ola bilər. Çünki İranın dini liderinin qətlinin Birləşmiş Ştatlar Prezidenti tərəfindən verildiyi barədə məlumatlar yayılıb. Yəni Tramp öz üzərinə bu məsuliyyəti götürür. Ona görə də İran qisası ondan ala bilər. Amma İranın real gücü olmadığına görə bunu həyata keçirmək mümkün deyil”.
Ayhan
11:30 14.08.2026
Oxunuş sayı: 142