Növbəti mümkün müharibə İranın süqutu olacaq?- MÜSAHİBƏ
Beynəlxalq münasibətlər sisteminin formalaşmasında dünyada baş verən siyasi-iqtisadi hadisələr, hərbi toqquşmalar, diplomatik insidentlər mühüm rol oynayır. Üçüncü şəxs prizmasından yanaşdıqda isə bütün bu hadisələr qlobal nizamı şəkilləndirir. Uzun illərdir sakitliyin və sülhün üz çevirdiyi Yaxın şərq son günlərdə ABŞ-İran toqquşması ilə yenidən dünya gündəminin əsas müzakirə mövzusuna çevrilib. Cari ilin fevral ayından başlayan qarşıdurmaların müharibəyə çevrilməsi fonunda bu gün iki ölkə arasında Pakistan İslam Respublikasının vasitəçiliyi ilə atəşkəs təmin olunub. Yenə Pakistanın vasitəçiliyi ilə də bu müddət uzadılıb. Məsələ ilə bağlı politoloq Aytən Qurbanova Crossmedia.az-ın suallarını cavablandırıb.

- İran və ABŞ arasında bundan sonra sülh uzunmüddətli şəkildə müşahidə oluna bilərmi?
-İndiki mərhələdə ABŞ və İran arasında uzunmüddətli sülh perspektivini istisna etmək olmaz, lakin bunu hələ real və təminatlı nəticə kimi qiymətləndirmək tezdir. Çünki tərəflər arasında əsas ziddiyyətlər yalnız hərbi qarşıdurmanın dayandırılması ilə aradan qalxmayıb. Nüvə proqramı, İranın regional təhlükəsizlik siyasəti, Hörmüz boğazının statusu, sanksiyalar, İranın xarici aktivləri və qarşılıqlı təhlükəsizlik təminatları kimi məsələlərə dair mövqelər ciddi şəkildə fərqlənir. Həmçinin tərəflər arasında müvəqqəti razılaşmanın bərpası istiqamətində danışıqlar dalana dirənib və Tehranla Vaşinqton arasında qarşılıqlı etimadsızlıq hələ də əsas problem olaraq qalır. Ancaq atəşkəsin qorunması və Pakistan vasitəsilə diplomatik kanalın işlək vəziyyətdə saxlanılması mühüm müsbət amildir. Əvvəlki mərhələlərdə də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında birbaşa və dolayı təmasların davam etdirilməsi mümkün olduğu məlumdur.
- Bəs uzunmüddətli sülh üçün nə lazımdır?
- Mənim qənaətimə görə uzunmüddətli sülhün əsas şərti tərəflərin “kim qalib gəldi?” sualından “qarşılıqlı təhlükəsizlik necə təmin edilə bilər?” sualına keçməsidir. ABŞ üçün əsas məsələ İranın nüvə imkanlarının məhdudlaşdırılması və regional təhlükəsizlik risklərinin azaldılmasıdır. İran üçün isə əsas prioritetlər suverenliyinin qorunması, sanksiyaların yumşaldılması, iqtisadi təzyiqin azaldılması və təhlükəsizlik təminatlarının əldə edilməsidir. Deməli, müvəqqəti atəşkəsin davamlı sülhə çevrilməsi mümkündür, lakin bunun üçün mərhələli və qarşılıqlı öhdəliklərə əsaslanan siyasi saziş lazımdır. Əks halda, atəşkəs yalnız növbəti hərbi eskalasiyaya qədər fasilə funksiyasını yerinə yetirə bilər.
- Növbəti müharibə ehtimalı nə qədər inandırıcıdır? Və bunun İran üçün nəticələri nə ola bilər?
- Ehtimal istisna deyil. İkinci genişmiqyaslı müharibə İran üçün əvvəlkindən daha ağır nəticələr yarada bilər. Lakin burada İranın tamamilə siyasi və ya hərbi baxımdan sıradan çıxarılacağını söyləmək də düzgün olmaz. İran böyük əraziyə, əhəmiyyətli insan resurslarına, ciddi hərbi potensiala, raket və pilotsuz uçuş aparatları imkanlarına, həmçinin regionda uzun illər ərzində formalaşdırdığı təsir mexanizmlərinə malik dövlətdir. Digər tərəfdən isə yeni müharibənin İranın iqtisadiyyatına və kritik infrastrukturuna əlavə təzyiq yaratması qaçılmazdır. Enerji infrastrukturu, nəqliyyat və kommunikasiya sistemləri, sənaye obyektləri və iqtisadi mərkəzlər üzərində təzyiqin artması ölkənin sosial-iqtisadi dayanıqlığına ciddi təsir göstərə bilər. Lakin İranın taleyini yalnız hərbi müstəvidə müəyyənləşdirmək mümkün deyil. İranın coğrafi mövqeyi, əhali potensialı və regiondakı geosiyasi çəkisi onun sürətli şəkildə regional siyasi sistemdən çıxarılmasını çətinləşdirən amillərdir. Ona görə də, ikinci müharibənin ən real nəticəsi İranın məğlub edilməsindən daha çox, ölkənin uzunmüddətli zəifləməsi, iqtisadi və təhlükəsizlik sistemlərinin aşınması və regionda yeni qüvvələr balansının formalaşması ola bilər. Ona görə də ikinci müharibənin İran üçün nəticəsini onun süqutu kimi deyil, dövlətin iqtisadi, hərbi və siyasi resurslarının daha da tükənməsi və regional güc balansının dəyişməsi riski kimi qiymətləndirmək daha obyektiv yanaşma olar.
-Müharibə ehtimalı olduğu halda, ABŞ-nin hər hansı bir ölkənin ərazisindən İrana hücum etmək kimi bir şansı varmı?
-ABŞ-nin hərbi imkanları baxımından İran ətrafındakı müxtəlif coğrafiyalardan istifadə etmək potensialı mövcuddur. Lakin burada hərbi imkanla hüquqi-siyasi legitimliyi bir-birindən ayırmaq lazımdır. ABŞ başqa bir dövlətin ərazisində yerləşən hərbi infrastrukturu həmin dövlətin razılığı və ya müvafiq hüquqi əsaslar çərçivəsində istifadə edə bilər. Lakin hər hansı ölkənin ərazisindən həmin ölkənin razılığı olmadan İrana qarşı hərbi əməliyyat həyata keçirilməsi həmin dövlətin suverenliyi baxımından ciddi hüquqi problem yaradar. BMT Nizamnaməsinin 2(4)-cü maddəsi dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiqini və güc tətbiqi hədəsini qadağan edir. Ona görə də ABŞ üçün əsas məsələ yalnız “haradan hücum etmək mümkündür?” deyil, “hansı ölkə öz ərazisinin istifadəsinə siyasi və hüquqi razılıq verəcək?” sualıdır. Region ölkələrinin əksəriyyəti İranla birbaşa müharibəyə cəlb olunmaqda maraqlı deyil. Çünki belə bir vəziyyət onların öz ərazilərini mümkün cavab zərbələri və regional eskalasiyanın hədəfinə çevirə bilər. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, ABŞ-nin regional hərbi imkanlarının mövcudluğu birbaşa olaraq həmin ölkələrin ərazisindən İrana qarşı hərbi əməliyyat keçiriləcəyi anlamına gəlmir. Əksinə, region dövlətləri üçün ən rasional siyasət öz ərazilərinin başqa dövlətlərə qarşı hücum platformasına çevrilməsinin qarşısını almaq və diplomatik kanalların açıq saxlanılmasına çalışmaqdır.
-Pakistanın vasitəçilik etməsi onun beynəlxalq nüfuzuna nə kimi təsir edir?
-Pakistanın hazırkı vasitəçilik fəaliyyəti İslamabad üçün ciddi diplomatik üstünlüklər yaradır. Çünki Pakistan eyni zamanda həm İranla coğrafi və siyasi yaxınlığa, həm də ABŞ ilə uzunmüddətli strateji münasibətlərə malikdir. Bu iki fərqli istiqamət arasında kommunikasiya kanalı yarada bilməsi Pakistanın regional diplomatik çəkisini artırır. Məlum olduğu kimi, Pakistanın vasitəçiliyi artıq yalnız bəyanat səviyyəsində deyil. Ölkə ABŞ və İran arasında mesajların ötürülməsində və danışıqların davam etdirilməsində mühüm rol oynayıb. İran tərəfi də Pakistanın əsas vasitəçi olaraq qaldığını, digər ölkələrin isə diplomatik səylərə dəstək verdiyini bildirib. Bu rəsmi İslamabadın beynəlxalq mövqeyində mühüm dəyişiklik yarada bilər. Çünki İslamabad artıq yalnız Cənubi Asiyanın təhlükəsizlik məsələlərində iştirak edən dövlət deyil, Orta Şərqdə mürəkkəb böhranın həllində vasitəçilik edə bilən regional diplomatik aktor kimi qəbul olunmağa başlayır. Lakin burada Pakistan üçün müəyyən risklər də var. Vasitəçinin tərəflərdən birinə həddindən artıq yaxın görünməsi onun neytrallığına olan inamı zəiflədə bilər. Bundan başqa danışıqların nəticəsiz qalması Pakistanın diplomatik reputasiyasına mənfi təsir göstərə bilər. Ona görə də, Pakistan üçün əsas məsələ yalnız atəşkəsə nail olmaq deyil, atəşkəsi davamlı siyasi anlaşmaya çevirməkdir. Əgər İslamabad bunu bacararsa, onun beynəlxalq nüfuzu və xüsusilə İslam dünyasındakı diplomatik çəkisi əhəmiyyətli dərəcədə yüksələcək. Əks halda, vasitəçilik təşəbbüsü müəyyən diplomatik üstünlük qazandırsa da, gözlənilən strateji nəticəni tam təmin etməyəcək. Nəticə etibarilə, Pakistanın vasitəçilik təşəbbüsü bütün məhdudiyyətlərinə baxmayaraq, müsbət diplomatik imkan yaradır. Hazırda əsas məqsəd yeni müharibənin qalib tərəfini müəyyənləşdirmək deyil, yeni müharibəyə ehtiyacı aradan qaldıracaq siyasi mexanizmi formalaşdırmaq olmalıdır.
Turqut Ansari
16:30 14.08.2026
Oxunuş sayı: 95