ABŞ–İran masasındakı ən böyük böhran: Tərəflər bu məsələdə razılaşa bilmir
ABŞ və İran arasında danışıqların əsas mübahisə mövzuları hələ də aradan qalxmayıb. İran tərəfi diplomatik kanalların açıq saxlanıldığını bildirərək ABŞ-yə bir sıra şərtlərdən ibarət təklif təqdim edib. Xarici işlər naziri Abbas Əraqçinin açıqlamasına görə, Tehran dondurulmuş vəsaitlərinin azad edilməsini, neft satışına imkan yaradılmasını və digər şərtlərin yerinə yetirilməsini istəyir. İran bu tələblərin qarşılığında regional gərginliyin azaldılması və Hörmüz boğazının yenidən açılması ilə bağlı yol xəritəsi irəli sürüb.
Bununla yanaşı, Vaşinqtonla Tehran arasında əsas fikir ayrılıqlarından biri İranın nüvə proqramı olaraq qalır. ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini bildirib. İran isə danışıqlara hazır olduğunu desə də, özünün milli hüquqlarından geri çəkilməyəcəyini vurğulayır. Əraqçi də ABŞ-nin təklifə münasibətinin hələ rəsmi diplomatik kanallarla Tehrana çatdırılmadığını bildirib. Bu mənzərə tərəflərin danışıqlar masasına qayıtmaq imkanlarının mövcud olduğunu, lakin əsas məsələlər üzrə mövqelərin hələ də ciddi şəkildə fərqləndiyini göstərir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ABŞ və İran arasında əsas məsələlər artıq üzə çıxıb və tərəflər arasındakı gərginlik açıq müstəviyə keçib:
"ABŞ tərəfi İran qarşısında nüvə proqramının dərhal və tamamilə dayandırılması şərtini qoyur. Vaşinqtonun bu mövqeyi İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması ilə yanaşı, Tehranın uranın zənginləşdirilməsi və nüvə proqramının digər istiqamətləri üzrə fəaliyyətinin də dayandırılmasını nəzərdə tutur. Şəxsi qənaətimə görə, İran hökumətinin hazırkı mərhələdə bu tələbi qəbul etmək niyyətində olduğu görünmür. Tehran nüvə proqramını ölkənin suveren hüququ və milli maraqları çərçivəsində qiymətləndirir və bu istiqamətdə geri addım atmağa hazır olduğuna dair aydın siqnal vermir. Bu baxımdan, İranın ABŞ-nin irəli sürdüyü şərtləri olduğu kimi qəbul edərək nüvə fəaliyyətini tam şəkildə donduracağına inanmaq çətindir”.
Ekspert əlavə edib ki, burada əsas problem tərəflərin mövqeləri arasındakı ciddi fərqdir: “ABŞ nüvə proqramının tam dayandırılmasını əsas şərt kimi irəli sürürsə, İranın bu yanaşmaya razılaşması onun uzun müddətdir müdafiə etdiyi mövqedən əhəmiyyətli dərəcədə geri çəkilməsi anlamına gələ bilər. Tehran üçün belə bir addımın həm siyasi, həm də strateji nəticələri ola bilər. Ona görə də hazırkı mövqelər saxlanıldığı təqdirdə, tərəflər arasında qısa müddətdə hərtərəfli razılığın əldə olunması real görünmür. Bununla belə, danışıqların davam etdirilməsi, qarşılıqlı güzəştlərin mümkün olub-olmaması və tərəflərin ilkin tələblərini nə dərəcədə yumşalda biləcəyi prosesin gələcək istiqamətini müəyyənləşdirə bilər”.
Zeynəb Həsən
18:00 28.09.2026
Oxunuş sayı: 44