Milyonlarla dollarlıq qızılın satışı dayandırılıb
Venesuelaya məxsus yüz milyonlarla dollar dəyərində qızıl ABŞ-dəki anbarlarda qalıb.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə araşdırma yayıb.
Qəzetin araşdırmasına görə, ABŞ administrasiyası Venesuelada hakimiyyət dəyişikliyindən sonra ölkənin qızıl hasilatı sektorunu ABŞ-lə əlaqəli şirkətlər üçün açmağa tələsib. Bildirilib ki, bu addım qızıl tədarükünün cinayətkar qruplardan və ABŞ-nin rəqiblərindən uzaqlaşdırılmasına imkan verə bilər.
Lakin “The New York Times”ın məlumatına görə, hazırda yüz milyonlarla dollar dəyərində Venesuela qızılı ABŞ-dəki anbarlarda qalır. Bunun səbəbi kimi emal müəssisələrinin qızılın mütəşəkkil cinayətkarlıq, korrupsiya və ekoloji pozuntularla mümkün əlaqələrindən narahat olması göstərilir.
Qəzetin yazdığına görə, tədarük zəncirinə daxil olan qızılın bir hissəsi mədənçilərlə əlaqəlidir və onların “Tren de Guayana” qruplaşmasına mühafizə adı altında ödəniş etdiyi bildirilir.
ABŞ tərəfindən dəstəklənən digər şirkət – “Heeney Capital” isə “El-Choco” mədənində fəaliyyəti nəzarətə götürüb. Araşdırmaya əsasən, burada çalışan podratçıların da sözügedən qruplaşmaya mühafizə üçün ödəniş etdiyi iddia olunur.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi 2026-cı ilin martında Venesuela mənşəli qızılın ABŞ-ə idxalı, emalı və satışı ilə bağlı müəyyən əməliyyatlara icazə verən lisenziya yayımlayıb.
18:21 28.09.2026
Oxunuş sayı: 32