Aİ Ukrayna ordusu üçün təlim müddətini uzadıb
Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan EUMAM təlim missiyasının müddətini daha iki il uzadıb. Həmçinin Ukraynaya hərbi dəstək çərçivəsində 6,6 milyard avronun ayrılması razılaşdırılıb.
Crossmedia.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə Aİ Xarici İşlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında məlumat verib.
Kallasın sözlərinə görə, Aİ ölkələrinin müdafiə nazirləri Ukraynaya dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində 6,6 milyard avronun bölüşdürülməsini də razılaşdırıblar.
İclasda üzv ölkələrin ehtiyatlarında olan “Patriot” raketlərinin Ukraynaya verilməsi və sonradan onların Ukraynaya dəstək krediti hesabına alınacaq yeni raketlərlə əvəzlənməsi imkanları müzakirə olunub.
“Raketlərin istehsalı vaxt tələb edir, Kiyevə isə “Patriot” sistemləri indi lazımdır”, – deyə Kallas vurğulayıb.
O xatırladıb ki, Ukraynaya dəstək krediti çərçivəsində 28,3 milyard avro dəyərində satınalma planları artıq təsdiqlənib. Bu məbləğə ABŞ-da gələcəkdə istehsal olunacaq “Patriot” raketlərinin alınması da daxildir.
Kallasın sözlərinə görə, bir sıra ölkələr 2027-ci il üçün nəzərdə tutulan 90 milyard avroluq kreditin bir hissəsinin vaxtından əvvəl ayrılmasını təklif ediblər. Bundan əlavə, Ukrayna SAFE müdafiə təşəbbüsünün qalan vəsaitindən 20 milyard avroyadək vəsait əldə edə bilər.
Aİ həmçinin Kiyevdə döyüş təcrübəsinin öyrənilməsi və hərbi təhsilin gücləndirilməsi ilə məşğul olacaq koordinasiya mərkəzinin yaradılması istiqamətində işləri davam etdirəcək.
Qeyd edək ki, daha əvvəl Polşada təlim keçmiş Ukrayna hərbçilərinin sayı açıqlanıb.
16:05 28.09.2026
Oxunuş sayı: 44