Netanyahunun BMT çıxışı dünyanı ayağa qaldırdı: İsrailə etiraz artır
İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı ölkəsinin hərbi əməliyyatlarını özünümüdafiə kimi təqdim edib. O, zalı tərk edən nümayəndələrə istinadən İsrailin özünü müdafiə etməklə həmin ölkələrin də təhlükəsizliyinə töhfə verdiyini bildirib. Netanyahunun çıxışı zamanı çoxsaylı nümayəndələrin zalı tərk etməsi İsrailin Qəzza müharibəsi və Yaxın Şərqdəki hərbi əməliyyatları ilə bağlı beynəlxalq fikir ayrılıqlarının fonunda baş verib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Natiq Miri İsrailin özünümüdafiə adı altında həyata keçirdiyi hərbi siyasətin regionda sabitliyə və təhlükəsizliyə mənfi təsir göstərdiyini bildirib: “İsrailin özünü qoruma adı altında həyata keçirdiyi hərbi siyasət kökündən yanlış siyasətdir. Müəyyən mərhələdə ‘özünü qoruma’ ifadəsi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilə bilər. Ancaq bu, davamlı prosesə çevrildiyi təqdirdə, artıq özünü qorumaqdan çıxıb digər qonşu dövlətlərə təcavüz xarakteri daşıyır və bu, mütəmadi, davamlı xarakterli bir prosesdir. Bu, eyni zamanda İsrail dövlətinin, yəhudilərin də təhlükəsizliyini təhdid etməklə yanaşı, mənəvi və psixoloji baxımdan sabitliyini, huzurunu pozur. Hər an ətrafında olan qonşu ölkələrlə müharibə vəziyyətində ola bilməzsən”.

Natiq Miri İsrailin Qəzza və İordan çayının qərb sahilindəki siyasətinə də toxunub: “Bu gün İsrail dövləti, Netanyahu hökumətinin hakimiyyəti altında özünü qoruma adı ilə Qəzzada müəyyən müqavimət qüvvələrinə qarşı, buna terrorçu deyin, nə deyirsiniz deyin, antiterror əməliyyatı keçirmək adı ilə paralel olaraq başqa təcavüzkar siyasət də yürütməkdə davam edir. Məsələ budur ki, bu özünü qoruma adı altında Fələstin dövləti 10 illərdir əridilir və İsrailin ərazisinə qarışdırılır”.
Politoloqun sözlərinə görə, İordan çayının qərb sahilində də vəziyyət oxşardır: “Bu gün terrorçu olduğu iddia edilən qüvvələr əslində İordan çayının qərb sahilində mövcud deyil. Orada rəsmi hakimiyyət qüvvələri mövcuddur və əsasən fələstinlilər yaşayır. Ancaq kütləvi şəkildə bu insanları mənəvi terrora məruz qoyaraq öz ərazilərindən zorla çıxarır, xüsusilə kənar ölkələrdən gələn yəhudiləri stimullaşdırmaqla həmin ərazilərdə yəhudi yaşayış məskənləri salırlar”.
Natiq Miri beynəlxalq ictimaiyyətin İsrail siyasətinə münasibətində dəyişiklik olduğunu düşünür: “Bu gün beynəlxalq ictimaiyyət buna qarşıdır. Dünənə kimi İsraili hətta özünü qoruma hüququ ilə müdafiə edənlər də bu məsələlərə etiraz edirlər. Bunun fonunda İsrail getdikcə daha çox təcrid olunmağa başlayır. Başda Türkiyə olmaqla digər dövlətlər də İsrailin bu təcavüzkar siyasətinə qarşı fəaliyyət göstərirlər. Artıq Birləşmiş Millətlər Təşkilatı səviyyəsində, Avropa İttifaqına üzv olan bir çox dövlətlər səviyyəsində, dünənə kimi İsrailin müttəfiqi sayılan ölkələr səviyyəsində İsrailə qarşı çıxan, İsraili tənqid edən açıqlamalar və etirazlar çoxalıb”.
O, ABŞ-nin İsrailə münasibətinə də diqqət çəkib: “Hətta Amerika Birləşmiş Ştatları belə, İsrailin ən yaxın müdafiəçisi və strateji müttəfiqi olsa da, İsrailin bəzi aqressiv siyasətini qəbul etmir. Məsələn, Qəzzada Donald Trampın 20 maddəlik sülh yol xəritəsi var. Bu gün bu planın həyata keçirilməsinə yeganə maneə olan amil Netanyahu hakimiyyətidir. Eyni şey İordan çayının qərb sahilində də mövcuddur. Hətta ABŞ belə, yeni yaşayış məskənlərinin zorla salınmasına və ərazilərin işğalına qarşı çıxır”.
Politoloq Netanyahu hökumətinin siyasətinin regionda uzunmüddətli sabitliyə gətirib çıxarmayacağını bildirib: “Buna görə də Netanyahu hökumətinin açıqlamaları beynəlxalq ictimai rəydə heç nə ifadə etmir. Əksinə, hər kəs reallıqları daha yaxşı anladığı üçün İsrail rejiminə, Netanyahu rejiminə qarşı çıxır və çıxmaqda davam edir”.
Natiq Miri hesab edir ki, İsrailin təhlükəsizliyi region ölkələri ilə davamlı müharibə deyil, sülh yolu ilə təmin edilə bilər: “Bölgədə sülhü, o cümlədən İsrailin təhlükəsizliyini qorumaq istəyirlərsə, bu, bütün region ölkələri ilə davamlı müharibə ilə deyil, barışla, sülhlə, ədalətlə mümkündür. Fələstin torpaqlarını getdikcə daha çox əridib, işğal edib öz ərazinizə qarışdırırsınızsa, bu, sizin təhlükəsizliyinizi təmin etmir. Bu, müqaviməti gücləndirir, onları müdafiə edən qüvvələrin sayını artırır və nəticədə İsrailin təhlükəsizliyini daha çox təhdid edir”.
Sonda politoloq İsrail-Fələstin münaqişəsinin həlli üçün yanaşmanın dəyişdirilməsinin vacibliyini vurğulayıb: “Bu baxışdan, bu anlayışdan və bu yanaşmadan imtina edilmədikcə nə bölgədə, nə də İsraildə heç vaxt sabitlik, sülh və huzur olmayacaq”.
Nigar Xəlilli
19:00 25.09.2026
Oxunuş sayı: 43