İnvestorların gözü Azərbaycanda: 10,8 milyard dollarlıq layihələr GÜNDƏMDƏ
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycanda investorlar üçün maraq doğura biləcək istiqamətləri açıqlayıb. Dövlət başçısı nəqliyyat, logistika, fiziki və rəqəmsal infrastrukturla yanaşı, elektrikötürmə xətlərini də potensial investisiya sahələri sırasında göstərib. O bildirib ki, yükdaşımaların emal prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşma müasir logistika sistemində rəqabət qabiliyyətinin qorunması üçün vacibdir. Prezident Azərbaycanın son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etdiyini, bunun yarısının birbaşa xarici investisiyalar olduğunu qeyd edib. O, qarşıdakı dövrdə bərpaolunan enerji, logistika və nəqliyyatla yanaşı, neft-qaz, kənd təsərrüfatı və qeyri-neft sektorunun digər istiqamətlərində də investisiya imkanlarının olduğunu bildirib. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yekununda isə beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Azərbaycanın xarici investorlar üçün əsas üstünlüklərindən biri ölkənin əlverişli geostrateji mövqeyi və Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat-logistika qovşağında yerləşməsidir:
"Xüsusilə Orta Dəhlizin inkişafı, Bakı Limanı, nəqliyyat və enerji layihələri Azərbaycanın regional iqtisadi əlaqələrdə rolunu artırır və ölkəmizi uzunmüddətli investisiyalar üçün perspektivli məkanlardan birinə çevirir. Bununla yanaşı, siyasi sabitlik, enerji təhlükəsizliyi, genişlənən qeyri-neft sektoru və dövlət tərəfindən investisiyaların təşviqinə yönəlmiş mexanizmlər də mühüm amillərdir. Mövcud üstünlükləri daha böyük investisiya imkanlarına çevirmək üçün əsas diqqət iqtisadiyyatın şaxələndirilməsinə və yüksək əlavə dəyər yaradan sahələrə yönəldilməlidir. Bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat, logistika, kənd təsərrüfatı, emal sənayesi, turizm və innovasiya sahələrində xarici sərmayənin artırılması həm yeni iş yerlərinin yaradılmasına, həm də texnologiya və müasir idarəetmə təcrübələrinin ölkəyə gətirilməsinə imkan verə bilər".
Deputat qeyd edib ki, investor üçün yalnız resurs və coğrafi mövqe deyil, biznes mühitinin proqnozlaşdırıla bilməsi, şəffaflıq, sürətli inzibati prosedurlar və hüquqi təminatlar da xüsusi əhəmiyyət daşıyır: "Ona görə də investisiya mühitinin davamlı olaraq təkmilləşdirilməsi, yerli və xarici investorlar üçün bərabər və rəqabətli şəraitin daha da gücləndirilməsi vacibdir. Azərbaycanın malik olduğu strateji üstünlükləri bu istiqamətdə aparılan islahatlarla birləşdirmək ölkənin regional investisiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə şərait yarada bilər".
Zeynəb Həsən
17:00 28.09.2026
Oxunuş sayı: 43