Suriya hakimiyyəti Bəşər Əsəddən qorxur?
Suriyada keçmiş prezident Bəşər Əsədlə bağlı məhkəmə prosesi ölüm hökmü ilə nəticələnib. Dəməşqdəki məhkəmə Əsədi bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilərək onun barəsində qiyabi ölüm hökmü çıxarıb. Qərarın Əsəd rejiminin 2011-ci ildən başlayan müharibə dövründə törədildiyi bildirilən ağır cinayətlərlə bağlı olduğu qeyd olunur.
Məhkəmə Əsədin qardaşı Mahir əl-Əsədi və keçmiş təhlükəsizlik rəsmisi Atif Nəcibi də qəsdən adam öldürmə və işgəncə ilə bağlı ittihamlar üzrə təqsirli bilib və onların barəsində də ölüm hökmü çıxarıb. Əsəd isə 2024-cü ilin dekabrında hakimiyyətdən devrildikdən sonra Rusiyaya sığınaraq hazırda məhkəmədə iştirak etməyib.

Politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Suriyada keçmiş prezident Bəşər Əsəd və tərəfdarlarına qarşı məhkəmə prosesinin başlanması yeni hakimiyyətin siyasi xəttinin mühüm göstəricilərindən biridir: “Suriyada yeni hökumətin keçmiş prezident Bəşər Əsəd və onun tərəfdarlarına qarşı məhkəmə prosesi başladı və Əsəd haqqında 14 il həbs, ölkə onun əmlaklarında edam cəzası məhkum etdilər. Və bu, bir növ yeni hökumətin ədalətin təntənəsi kimi qeyd edir”.
M.Əsədullazadə hesab edir ki, proses gələcəkdə Suriyada siyasi sabitliyə mənfi təsir göstərə bilər: “Bu, gələcəkdə siyasi sabitliyə mənfi təsir edə bilər. Amma hüquqi baxımdan bu, normaldır. Çünki Əsəd rejiminin kifayət qədər ölkəyə qarşı cinayətləri olub. Həmçinin bu, tərəflər arasında siyasi və hüquqi hesablaşmadır”.
O, bildirib ki, keçmiş hakimiyyətə qarşı məhkəmə prosesinin başlanması siyasi mübarizənin qarşısının alınmasına da xidmət edə bilər: “Ümumi götürdükdə isə, yeni hakimiyyətin keçmiş hakimiyyətə qarşı belə bir məhkəmə prosesinin başlaması bir növ onların siyasi mübarizəsinin də qarşısını kəsir”.
M.Əsədullazadə Əsəd və tərəfdarlarının hələ də müəyyən imkanlara malik olduğunu vurğulayıb: “Çünki Əsəd və onun tərəfdarları hələ də qalmaqdadır, kifayət qədər maliyyə imkanları var. Bu qüvvələr yenidən Suriyada iğtişaşlar yarada bilərlər”.
Politoloqun sözlərinə görə, yeni hakimiyyət keçmiş rejimə bağlı qüvvələrin yenidən fəallaşmasının qarşısını almağa çalışır: “Ona görə də konkret olaraq çalışırlar ki, belə şəxsləri, bu adamları tamamilə sıradan çıxarsınlar”.
Nigar Xəlilli
16:00 13.08.2026
Oxunuş sayı: 47