Dünyanın enerji arteriyası yenidən gündəmdə
Almaniyanın müdafiə naziri Boris Pistorius Hörmüz boğazında naviqasiyanın bərpası ilə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Pistoriusun sözlərinə görə, Hörmüz boğazının bağlanmasına ABŞ Prezidenti Donald Trumpın siyasəti səbəb olub, lakin Almaniya bu mühüm su yolunun yenidən açılması üçün əməkdaşlıq etməyə hazırdır.
Nazirin sözlərinə görə, Bundestaqın yay tətilindən əvvəl belə bir əməliyyata dərhal razılıq verəcəyi gözlənilmir. Buna səbəb İran və ABŞ arasında əldə olunan ilkin razılaşmanın davamlı atəşkəsə gətirib çıxarıb-çıxarmayacağının hələ qeyri-müəyyən olması və əməliyyat üçün beynəlxalq hüquqi çərçivəyə ehtiyac duyulmasıdır.
Almaniyanın xarici işlər naziri isə Hörmüz boğazında gəmilərdən rüsum alınması ehtimalı barədə xəbərdarlıq edib. O, enerji daşımaları üçün kritik əhəmiyyət daşıyan bu marşrutda sərbəst gəmiçiliyin bərpasının vacibliyini vurğulayıb.
Bildirilib ki, İran-ABŞ arasında ilkin razılaşmanın bəzi məqamları hələ də aydın deyil və bu, boğazda naviqasiya azadlığı ilə bağlı suallar yaradır. Məsələnin həmçinin İrana qarşı sanksiyaların yumşaldılması və qlobal neft bazarındakı qiymətlərə təsir edə biləcəyi qeyd olunur.
12:40 23.06.2026
Oxunuş sayı: 52