İqtisadi Şurada Azad İqtisadi Zonasının fəaliyyəti müzakirə olunub
Bu gün Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasının fəaliyyəti ilə bağlı görülmüş işlər, həlli vacib infrastruktur məsələləri, strateji baxış və inkişaf perspektivləri, eləcə də Xidmət sektorunun iqtisadi artımda rolu və inkişaf potensialı, Xidmət sektorunda müəyyən edilmiş prioritet istiqamətlər və təkliflər və digər cari məsələlər ətraflı müzakirə olunub.
Crossmedia.az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Məlumata görə, gündəlikdə olan məsələlər üzrə Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdimatları dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış ediblər.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təkliflər nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
17:21 11.06.2026
Oxunuş sayı: 46