Ermənistan-Rusiya sərhədində yoxlamalarla bağlı iddialara aydınlıq gətirilib
Ermənistanın Sünik vilayətinin Nrnadzor kəndi yaxınlığındakı sərhəd zolağında reyd deyil, planlı tədbirlərin həyata keçirildiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, tədbirlər Meğri sərhəd dəstəsinin rusiyalı hərbçilərinin iştirakı ilə aparılır.
Məlumata görə, sosial şəbəkələrdə Rusiya sərhədçilərinin Ermənistan və Avropa İttifaqı vətəndaşlarının Meğriyə keçidinə icazə vermədiyi, onları saxlayaraq dindirdiyi barədə yayılan iddialar həqiqəti əks etdirmir.
Qeyd olunub ki, Nrnadzor kəndinin sərhəd zonasında hərəkət Ermənistanın dövlət sərhədi haqqında qanunu və Rusiya sərhəd kontingentinin Ermənistan sərhədlərində fəaliyyəti ilə bağlı ikitərəfli sazişlə tənzimlənir. Həmin ərazidə hərəkət etmək üçün xüsusi icazə tələb olunur.
İcazəsi olmayan şəxslər barəsində Ermənistanın inzibati qanunvericiliyinə uyğun olaraq cərimə tətbiq edilir.
Bildirilib ki, nəqliyyat vasitələrinə baxış və sənədlərin yoxlanılması Meğri sərhəd dəstəsində xidmət edən Ermənistan vətəndaşları tərəfindən həyata keçirilir, cərimələr isə Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən rəsmiləşdirilir.
13:37 11.06.2026
Oxunuş sayı: 56