17 ildən sonra ilk: Azərbaycanla Yaponiya arasında nə baş verir?
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya rəsmi səfəri və bu çərçivədə keçiriləcək yüksək səviyyəli görüşlər Bakı–Tokio münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Xüsusilə son 17 ildə bu səviyyədə ilk rəsmi təmasın baş tutması səfərə yalnız protokol xarakteri deyil, həm də strateji məzmun qazandırır. Yaponiya tərəfinin açıqladığı gündəlik göstərir ki, danışıqlar təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmayacaq, enerji əməkdaşlığı, regional təhlükəsizlik, Cənubi Qafqaz, Yaxın Şərq və Hind-Sakit okeanı regionunda gedən proseslər də müzakirə olunacaq. Bu isə Azərbaycanın xarici siyasətdə çoxvektorlu yanaşmasının və Asiya istiqamətində diplomatik fəallığının daha da genişləndirilməsi baxımından diqqət çəkir.
Bəs bu görüşdə enerji və regional təhlükəsizlikdən əlavə hansı strateji istiqamətlər müzakirə oluna bilər? Son 17 ilin ilk rəsmi səfəri fonunda Bakı–Tokio xəttində yeni əməkdaşlıq imkanları necə dəyərləndirilməlidir?

Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlama verib: “Azərbaycan xarici siyasət doktrinasında çoxvektorlu siyasət həyata keçirir. Bu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda qlobal güclərin maraqlarını uzlaşdırmağa çalışır və nəticədə ölkədə sabit dövlət modeli formalaşıb. Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatlarında maraqlıdır. Azərbaycan xarici işlər nazirinin Yaponiyaya səfəri və burada ikitərəfli görüşlərin keçirilməsi hər iki dövlətin dövlət və milli maraqlarına uyğundur. Azərbaycan bir çox sahələrdə inkişaf edir və regional əməkdaşlıqdan qlobal əməkdaşlıq mərhələsinə keçid edir. Azərbaycan dünyanın müxtəlif dövlətləri ilə – həm Avropa, həm Şərq, həm Qərb, həm də Şimal və Cənub istiqamətlərində əməkdaşlığını genişləndirir. Bu əməkdaşlıq tərəfdaşlarından biri də Yaponiyadır. Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan dövlətlərdəndir və Azərbaycanın müxtəlif sahələrinə sərmayə qoymaqda maraqlıdır”.
Politoloq əlavə edib ki, Yaponiyanın texnologiya sahəsindəki təcrübəsi Azərbaycanın inkişafına, xüsusilə sənaye sektorunda – həm yüngül sənayedə, həm də ağır maşınqayırma sənayesində mühüm töhfə verə bilər: “Eyni zamanda Azərbaycan enerji təhlükəsizliyi sahəsində bir çox dövlətlərlə əməkdaşlıq edir. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə enerji sahəsində əməkdaşlığı genişləndirib. Bununla yanaşı, Yaponiya və ümumilikdə Uzaq Şərq regionu ilə də əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzindədir. Azərbaycan xarici işlər nazirinin bu bölgəyə səfəri bir çox amillərlə bağlıdır. Bu, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə imicinin möhkəmlənməsi, xaricdə dostlarının və tərəfdaşlarının sayının artması deməkdir. Hesab edirəm ki, bu səfər hər iki dövlətin dövlət və milli maraqlarına uyğun olan, qarşılıqlı fayda gətirəcək bir səfər kimi qiymətləndirilə bilər”.
Ayhan
16:50 09.06.2026
Oxunuş sayı: 110