Ceyhun Bayramov Türkiyəyə getdi: Geosiyasi balansın qorunması...
Türkiyə, Azərbaycan və Gürcüstan arasında formalaşmış üçtərəfli əməkdaşlıq platforması son illərdə regionun siyasi, iqtisadi və təhlükəsizlik gündəliyində mühüm yer tutur. Bu gün İstanbulda keçiriləcək xarici işlər nazirlərinin 10-cu görüşü də təkcə tərəfdaşlıq münasibətlərinin davamı deyil, eyni zamanda Cənubi Qafqaz və ətraf regionda dəyişən geosiyasi proseslərin fonunda ortaq yanaşmaların müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Görüş çərçivəsində regional təhlükəsizlik, nəqliyyat və enerji layihələri, iqtisadi inteqrasiyanın genişləndirilməsi, eləcə də yeni çağırışlar fonunda əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi gözlənilir.

Üçtərəfli görüşdən gözləntilər barədə politoloq Aydın Tağıyev Crossmedia.az-a açıqlama verib: “Bu görüşün siyasi çəkisi kifayət qədər böyükdür. Çünki Türkiyə–Azərbaycan–Gürcüstan üçtərəfli formatı Cənubi Qafqazda həm təhlükəsizlik, həm də iqtisadi əməkdaşlıq baxımından strateji platforma rolunu oynayır. Bu görüşün 10-cu dəfə keçirilməsi artıq institusional xarakter daşıdığını göstərir. Yəni, bu format təsadüfi diplomatik təşəbbüs deyil, davamlı və strateji əməkdaşlıq mexanizmidir. Türkiyə bu platformada aparıcı balans yaradan aktor kimi çıxış edir. Ölkəmiz enerji və təhlükəsizlik dayağı rolunu oynayır. Qonşu Gürcüstan isə Qərbə inteqrasiyanın körpüsü funksiyasını yerinə yetirir. Nəticə etibarilə, bu görüş Cənubi Qafqazda regional sabitliyin möhkəmlənməsi, enerji və nəqliyyat dəhlizlərinin güclənməsi və geosiyasi balansın qorunması baxımından mühüm addım olacaq, həm də gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayacaq”.
Ayhan
14:12 08.06.2026
Oxunuş sayı: 55