Son illərdə Azərbaycanda daxili turizmə maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə yay mövsümündə ailələr həm büdcələrinə uyğun, həm də rahat istirahət imkanları təqdim edən bölgələrə üz tuturlar. Lakin qiymətlərin yüksəlməsi fonunda bir çox vətəndaşı düşündürən əsas sual dəyişməz qalır: ölkə daxilində həm sərfəli, həm də keyfiyyətli istirahət etmək mümkündürmü?

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri (AQC) Vüqar Oruc Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Ölkəmizdə turizm bölgələrində zaman keçdikcə qiymətlərin yüksəldiyini müşahidə edirik. Bununla yanaşı, xidmət və servis səviyyəsində də müəyyən inkişafın baş verdiyini qeyd etmək lazımdır. Bu, həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də təqdim olunan xidmətlərin qiymətinə uyğun keyfiyyət standartlarının formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlıdır. Turizm obyektlərində və hotellərdə müxtəlif proqramlar icra olunur ki, onların əsas məqsədi müştəri məmnuniyyətinin təmin edilməsi və ödənilən məbləğə uyğun xidmətin göstərilməsidir. Son beş ilin göstəricilərini müqayisə etdikdə, xüsusilə 2021–2026-cı illər arasındakı dövr diqqəti cəlb edir. Bu müddət ərzində bir çox turizm bölgələrində qiymətlərin 80-100 faiz artdığını, bəzi hallarda isə təxminən iki dəfə yüksəldiyini görürük. Bunun əsas səbəbləri sırasında pandemiyadan sonra quru sərhədlərinin uzun müddət bağlı qalması və beynəlxalq aviabiletlərin yüksək qiymətlərlə təklif olunması dayanır. Belə şəraitdə vətəndaşlar əsasən Abşeron yarımadasında yerləşən bağ evlərinə və ya ölkənin müxtəlif regionlarına üz tuturlar ki, istirahət və məzuniyyət günlərini həmin ərazilərdə keçirsinlər. Turizm sektorunda qiymətlər əsasən üç kateqoriyaya bölünür: adi günlərin qiymətləri, bayram günlərinin qiymətləri və həftəsonu qiymətləri. Adi günlərlə müqayisədə bayram günlərində qiymətlər orta hesabla 30-35 faiz, həftəsonlarında isə 20-25 faiz daha yüksək olur. Turizm zonaları üzrə qiymətlərə nəzər saldıqda, Quba-Qusar bölgəsi, xüsusilə də Şahdağ Turizm Mərkəzi ölkənin ən bahalı istirahət məkanlarından biri hesab olunur. Bundan əlavə, Nabran, Şəki, Zaqatala və Cənub bölgəsində yerləşən turizm obyektləri də geniş tələbat görür".
O bildirib ki, bu ərazilərdə yerləşən koteclərin, fərdi evlərin və hotellərin qiymətləri təxminən 50-100 manatdan başlayaraq 500-900 manata qədər dəyişə bilir: "Ötən illə müqayisədə isə qiymətlər orta hesabla 15-20 faiz artım nümayiş etdirib. Təbii ki, daha komfortlu şəraitdə istirahət etmək istəyən ailələr daha yüksək qiymət kateqoriyasına aid obyektlərə üstünlük verirlər. Bununla belə, bu qiymətlər ölkədəki minimum və orta əməkhaqqı səviyyəsi ilə müqayisədə kifayət qədər yüksək görünür. Qeyd etmək lazımdır ki, bir çox hotellər qiymət siyasətini xarici turistlərin ödəmə qabiliyyətinə uyğun müəyyənləşdirirlər. Qiymət artımının həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur. Obyektiv səbəblərə xidmətlərin maya dəyərinin yüksəlməsi, əməkhaqqı xərclərinin artması, enerji daşıyıcılarının bahalaşması, logistika və nəqliyyat xərclərinin yüksəlməsi, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərindəki artım daxildir. Bundan əlavə, inflyasiya prosesləri və qlobal iqtisadi tendensiyalar da qiymətlərin formalaşmasına təsir göstərir. Subyektiv amillər isə bəzi hallarda maya dəyərinin üzərinə həddindən artıq mənfəət marjasının əlavə olunması ilə bağlıdır. Məsələn, adi mağazada əldə edilə bilən məhsulların hotellərdə bir neçə dəfə baha qiymətə satılması vətəndaşlarda narazılıq yaradan əsas məsələlərdən biridir. Bu cür hallar dünyanın bir çox turizm mərkəzlərində müşahidə olunsa da, qiymət fərqinin həddindən artıq böyük olması haqlı narazılıqlara səbəb olur. Sahibkarların mənfəət əldə etməsi təbiidir, lakin qiymət siyasətində balansın qorunması həm müştəri məmnuniyyətinə, həm də turizm sektorunun uzunmüddətli inkişafına müsbət təsir göstərə bilər. Azərbaycanda turizm xidmətləri əsasən üç seqmentə bölünür: iqtisadi seqment, orta seqment və premium seqment. Bu kateqoriyalar arasında qiymət fərqləri adətən 50-100 manat və daha artıq məbləğdə dəyişir. Hesab edirəm ki, vətəndaşlar yalnız ən məşhur və bahalı istiqamətlərə deyil, digər perspektivli turizm zonalarına da daha çox üstünlük verməlidirlər. Bu, həmin bölgələrin iqtisadi gəlirlərini artırmaqla yanaşı, sahibkarları xidmət keyfiyyətini yüksəltməyə və yeni investisiyalar qoymağa təşviq edər. Bu baxımdan Şəki, Zaqatala və Cənub bölgəsi hazırda daha əlçatan və perspektivli istiqamətlər hesab oluna bilər. Quba, Qusar, Qəçrəş, Nabran və Qəbələ kimi məşhur turizm zonalarında isə yüksək tələbat qiymətlərin daha baha olmasına səbəb olur. Düşünürəm ki, dövlət tərəfindən yeni turizm marşrutlarının və istirahət zonalarının yaradılmasına dəstək proqramları genişləndirilməlidir. Xüsusilə də işğaldan azad olunmuş ərazilərin beynəlxalq turizm məkanı kimi tanıdılması istiqamətində əlavə addımlar atılmalıdır. İnfrastrukturu sürətlə bərpa olunan Qarabağ bölgəsi böyük turizm potensialına malikdir. Ümumilikdə isə Azərbaycan, xüsusilə ölkənin müxtəlif təbii-coğrafi zonaları, turizmin inkişafı üçün zəngin resurslara sahib olan və gələcəkdə daha böyük imkanlar vəd edən bir məkan kimi qiymətləndirilə bilər".

Məsələnin iqtisadi aspektləri ilə bağlı iqtisadçı ekspert Razi Abbabəyli Azərbaycanda turizm sektorunda həm xidmətlərin, həm də otellərin qiymətlərinin kifayət qədər yüksək olduğunu qeyd edib: "Nəzərə alsaq ki, 2026-cı ilin rəsmi məlumatlarına əsasən ölkədə orta aylıq əməkhaqqı təxminən 1 100 manat, minimum əməkhaqqı isə 400 manat təşkil edir, bu zaman əhalinin böyük hissəsinin turizm xidmətlərindən istifadə imkanlarının məhdud olduğu ortaya çıxır. Əgər dörd nəfərlik bir ailədə yalnız bir nəfərin işlədiyini və ailənin aylıq gəlirinin orta hesabla 1 100–1 200 manat civarında formalaşdığını nəzərə alsaq, həmin ailənin istirahət üçün ayıra biləcəyi vəsait kifayət qədər məhdud olur. Bu gün Azərbaycanda otellərdə bir gecəlik qalma qiymətləri ən aşağı halda 80–100 manatdan başlayır. Belə olan halda, orta gəlirli ailə ən yaxşı halda yalnız bir neçə günlük istirahət təşkil edə bilir ki, bu da əhalinin gəlirləri ilə müqayisədə kifayət qədər yüksək xərc hesab olunur. Təbii ki, turizm sektorunda qiymətlərin formalaşmasına təsir edən bir sıra obyektiv amillər mövcuddur. Kommunal xidmət tariflərinin yüksək olması, ərzaq və digər məhsulların bahalaşması nəticə etibarilə otellərin və turizm obyektlərinin xərclərinə təsir göstərir. Bu səbəbdən qiymətlər bazar prinsiplərinə uyğun olaraq formalaşır və yüksəlir. Lakin problem ondadır ki, vətəndaşların həm minimum, həm də orta aylıq gəlirləri qiymət artımlarına adekvat şəkildə uyğunlaşmır. Nəticədə insanların istirahət imkanları məhdudlaşır. Davam edən inflyasiya, kommunal xərclərin artması, təhsil və səhiyyə xidmətlərinin bahalaşması ailələrin turizm və istirahət üçün vəsait toplamasını daha da çətinləşdirir.
Bu baxımdan, orta aylıq əməkhaqqı ilə yaşayan ailələrin il ərzində istirahət və əyləncə məqsədilə ayıra biləcəyi büdcə kifayət qədər məhdud olur. Həm otellərin, həm də fərdi kirayə mənzillərin qiymətləri bir çox vətəndaş üçün əlçatan deyil. Hesab edirəm ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək üçün keçid dövrü ərzində dövlət tərəfindən xüsusi dəstək proqramları həyata keçirilməlidir. Xüsusilə turizm sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinə kommunal xidmətlər üzrə güzəştlər tətbiq edilməli, müəyyən vergi və rüsumlardan müvəqqəti azadolmalar verilməli, aşağı faizli və ya faizsiz kredit mexanizmləri yaradılmalıdır. Zərurət yarandığı hallarda isə dövlət subsidiyalarının tətbiqi də nəzərdən keçirilməlidir. Dünya təcrübəsi göstərir ki, turizm sektorundan yüksək gəlir əldə edən bir çox ölkələr inkişafın ilkin mərhələlərində məhz bu cür dəstək mexanizmlərindən istifadə ediblər. Sahibkarlara aşağı faizli kreditlərin verilməsi, vergi yükünün azaldılması və subsidiyaların tətbiqi nəticəsində həmin ölkələrdə turizm sektoru sürətlə inkişaf edib və iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilib. Azərbaycan üçün də bu istiqamətdə geniş imkanlar mövcuddur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında formalaşan böyük turizm potensialı dövlət dəstəyi tədbirlərinin aktuallığını artırır. Vergi güzəştləri, kommunal xidmətlər üzrə dəstək mexanizmləri, aşağı faizli və ya dövlət zəmanətli kreditlər, eləcə də subsidiya proqramları turizm sektorunun inkişafına ciddi təkan verə bilər. Hesab edirəm ki, hökumət bu sahədə təşviqedici mexanizmlərin tətbiqini gecikdirməməli, turizm sektorunda fəaliyyət göstərən sahibkarların xərclərinin azaldılmasına yönəlmiş addımlar atmalıdır. Bu, gələcək illərdə Azərbaycanın turizmdən əldə etdiyi gəlirlərin artmasına və dövlət büdcəsinin formalaşmasında daha mühüm rol oynamasına şərait yaradacaq".
Elmir Heydərli