Dubay turistləri geri qaytarmaq üçün 3 min dirhəmlik plan işə salıb
Dubay hakimiyyəti turist axınını yenidən artırmaq məqsədilə A Dubai Invite adlı yeni təşviq proqramına start verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Proqram çərçivəsində BƏƏ-də yaşayan vətəndaşlar və rezidentlər qohum və dostlarını Dubaya səfərə dəvət etdikləri halda 3 min dirhəmə (təxminən 816 dollar) qədər dəyərində mükafat paketləri əldə edə bilərlər.
Məlumata görə, Dubay 2025-ci ildə rekord sayda – 19,59 milyon beynəlxalq turist qəbul edib. Lakin mart ayında İranın ABŞ və İsrailin hərəkətlərinə cavab olaraq BƏƏ-yə raket və PUA zərbələri endirməsindən sonra turist axını kəskin azalıb.
Daha əvvəl 80 faiz səviyyəsində olan hotellərin doluluq göstəricisinin sonrakı aylarda təxminən 10 faizə qədər düşəcəyi proqnozlaşdırılıb.
Raketlərin böyük hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilsə də, hücumlar Dubayın bəzi məşhur obyektlərinə də təsir edib. Beşulduzlu “Fairmont The Palm” kurortu zərbələrdən zərər çəkən obyektlər arasında olub. Jumeirah Burj Al Arab hoteli isə hazırda 18 aylıq bərpa işləri səbəbindən bağlıdır.
Hücumlar Dubay Beynəlxalq Hava Limanının fəaliyyətini də müvəqqəti dayandırmasına səbəb olub.
Avropa Xarici Əlaqələr Şurasının Fars körfəzi üzrə eksperti Çincya Byanko bildirib ki, bu vəziyyət Dubay üçün ciddi problem yaradıb. Onun sözlərinə görə, şəhərin əsas üstünlüyü bölgədə “təhlükəsiz vaha” kimi tanınması olub.
“A Dubai Invite” proqramı necə işləyir?
İyul ayında başladılan proqram Dubaya səfərlərin şəxsi tövsiyələr vasitəsilə artırılmasını hədəfləyir.
18 yaşdan yuxarı, etibarlı BƏƏ rezident kartına (Emirates ID) malik şəxslər oktyabrın 31-dək səfər etməsi planlaşdırılan üç nəfərə qədər qonağı proqrama daxil edə bilərlər.
Dəvət olunan şəxslər BƏƏ rezidenti olmamalı, etibarlı turist vizasına malik olmalı və Dubaya hava, dəniz və ya quru yolu ilə gəlməlidirlər.
Proqram iştirakçılarına hoteldə pulsuz qalmaq imkanları və xüsusi restoran təklifləri təqdim olunur.
Bununla yanaşı, Dubay hakimiyyəti yüksək səviyyəli hotellərdə gecələmə vergisini ləğv edib və hotellər və restoranların hesablarına tətbiq olunan 7 faizlik bələdiyyə rüsumunu aradan qaldırıb.
Dubayın infrastrukturu artıq bərpa olunub, hava limanları və hotellər normal fəaliyyət göstərir. Lakin əsas problemin şəhərin təhlükəsizliyi ilə bağlı reputasiyasına dəyən zərbə və turistlərdə yaranan psixoloji maneə olduğu bildirilir.
Gates Hospitality şirkətinin təsisçisi və baş direktoru Naim Maadad qeyd edib ki, beynəlxalq auditoriya Yaxın Şərqi bəzən ayrı-ayrı ölkələrə bölmədən vahid region kimi qəbul edir və bu yanaşma səyahət qərarlarına təsir göstərir.
Onun sözlərinə görə, hazırda Dubayın qarşısındakı əsas problem fiziki deyil, psixoloji xarakter daşıyır.
08:04 12.08.2026
Oxunuş sayı: 55