“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xızıda davam etdirir
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin İnkişaf və Karyera Mərkəzi” və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi 10-14 avqust tarixlərində Xızı gəncləri üçün xidmət göstərəcək.“Gənclərlə, gənclər üçün” devizi altında keçirilən layihənin əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etməkdir.
Crossmedia.az xəbər verir ki, layihənin Xızıda
baş tutan açılış mərasimi Dövlət Himnimizin səsləndirilməsi və torpaqlarımızın ərazi
bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rəsmi hissədə Xızı Rayon İcra
Hakimiyyətinin şöbə müdiri Ceyhun İsgəndərov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin
şöbə müdiri Jalə Həsənova çıxış edərək layihənin region gəncləri üçün əhəmiyyətini
vurğulayıb, bu təşəbbüsün onların intellektual və sosial potensiallarının üzə
çıxarılmasında oynadığı rolu xüsusi qeyd ediblər.
Tədbir zamanı
iştirakçılar üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər
İdarəsinin nümayəndələri tərəfindən maarifləndirici görüşlər və Xızı Peşə Məktəbi
tərəfindən sərgi təşkil edilib. Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə
müxtəlif istiqamətləri əhatə edən təlimlər təşkil olunub. Peşəkar mütəxəssislərin
iştirakı ilə keçirilən təlimlərdə gənclərə ixtisas və peşə seçimi, karyera hədəflərinin
müəyyənləşdirilməsi, müasir əmək bazarının tələbləri, süni intellekt
texnologiyalarının yaratdığı yeni imkanlar və bu imkanlardan səmərəli istifadə
yolları ilə bağlı faydalı məlumatlar təqdim edilib. Gənclər mövzular üzrə
interaktiv sessiyalarda fəal iştirak edərək mütəxəssislərlə fikir mübadiləsi
aparıb, onları maraqlandıran suallara cavablar alıblar. Günün sonunda proqram çərçivəsində
keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər
mükafatlandırılıblar.
Layihənin beş
günlük proqramı müddətində Xızı rayonunun gəncləri "Vətənpərvərlik",
"Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki
aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə"
zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində,
viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər
əldə edəcək, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı
qazanacaqlar.
Xatırladaq ki, bu
il üzrə artıq səkkizinci dayanacağındakı fəaliyyətini uğurla davam etdirən “Səyyar
Gənclər Xidməti” layihəsi noyabr ayınadək ümumilikdə 20 şəhər və rayonu əhatə
edəcək.
11:56 12.08.2026
Oxunuş sayı: 50