İpoteka borcu olanların nəzərinə - artıq pul ödəyirsiniz
Mənzil bazarında qiymətlərin yüksək olması və ipoteka şərtləri vətəndaşların ev sahibi olmasını çətinləşdirən əsas amillərdən biri olaraq qalır. İpoteka faizlərinin azaldılması ilə bağlı yeni təklif isə bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb olub.
Əmlak eksperti Elnur Fərzəliyev crossmedia.az-a açıqlamasında bildirib ki, son illər Bakı və ölkənin digər böyük şəhərlərində daşınmaz əmlakların satış qiymətlərində ciddi artımlar müşahidə olunur: “Qiymətlərin yüksəlməsi əmlak bazarında alıcı qıtlığına səbəb olmaqla yanaşı, vətəndaşların kredit hesabına mənzil almaq imkanlarını da məhdudlaşdırır”.

Ekspert qeyd edib ki, uzun illərdir ki, paytaxt Bakı və ölkənin digər böyük şəhərlərində mövcud daşınmaz əmlakların satış qiymətlərində ciddi artımlar müşahidə olunur: “Əmlakların satış qiymətlərinin artması səbəbindən artıq əmlak bazarında ciddi müştəri qıtlığı müşahidə olunur. Digər tərəfdən isə satış qiymətlərinin artması səbəbindən son illərdə alıcıların böyük bir qismi istər ipoteka, istərsə də müxtəlif növ kredit şərtləri ilə mənzillər əldə etməyə daha çox üstünlük verirlər. Mənzillərin satış qiymətlərinin artması həmin mənzilləri kreditli şərtlərlə əldə edərkən ilkin ödənişin və aylıq ödənişlərin də daha çox olmasına gətirib çıxarır. Qiymətlərə nəzər salsaq, son 10-20 il ərzində əmlak bazarında dəfələrlə qiymət artımları müşahidə olunub. Əvvəlki illərdə vətəndaşlar kreditli şərtlərlə mənzil alarkən həmin mənzillərin satış qiymətlərinin ümumən aşağı olması səbəbindən ilkin və aylıq ödənişlər daha az hesablanırdı. Lakin hazırda ipoteka predmetinə çevrilə bilən mənzillərin satış qiymətlərinin kəskin artması səbəbindən bu tip əmlakları alarkən ilkin və aylıq ödənişlərin daha çox olması bəzi vətəndaşların kreditli şərtlərlə mənzil almaqdan imtina etməsinə səbəb olur. Buna əsas səbəb vətəndaşların aylıq gəlirləri ilə aylıq kredit ödənişlərinin üst-üstə düşməməsidir. Bu səbəbdən onlar kreditli şərtlərlə əmlak almaqdan məcburi şəkildə yayınmış olurlar”.
Ekspert qeyd edib ki, faizlərə nəzər salsaq, daha çox vətəndaşların üstünlük verdikləri güzəştli ipotekaların illik faiz dərəcəsi 4 faizdir: “Digər ipotekalarda isə dövlət ipotekası üzrə faiz 8 faiz hesablanır. Bir çox tikinti şirkəti var ki, bankların daxili kreditləri hesabına uzunmüddətli kredit şərtləri ilə satışlar həyata keçirir. Bu tip kreditli satışlarda da illik faiz dərəcəsi orta hesabla 10-18 faiz arasında dəyişə bilir. Təbii ki, kreditlərin illik faiz dərəcəsinin yüksək olması səbəbindən vətəndaşların ödənişlərində də ciddi artımlar müşahidə olunur. O baxımdan, Azərbaycanın mövcud daşınmaz əmlak sahəsi Azərbaycan iqtisadiyyatının böyük bir daşıyıcı hissəsidir. Əgər əmlak sahəsində faiz dərəcələrinin aşağı salınması və sənədsiz evlərin çıxarışlarla təmin olunması prosesinə start verilərsə, artıq alıcılıq qabiliyyətində ciddi artım müşahidə oluna bilər. Xüsusən də hazırda təkcə paytaxt Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarışsız fərdi yaşayış evi mövcuddur. Onların çıxarışının olmaması səbəbindən bu əmlakların satış qiymətləri də digər əmlaklarla müqayisədə aşağıdır. Düşünürəm ki, çıxarışsız fərdi yaşayış evləri çıxarışla təmin olunarsa, təbii ki, bu, əmlak bazarına külli miqdarda ucuz əmlakın daxil olmasına gətirib çıxara bilər. Vətəndaşlar da bu əmlakları minimal ilkin ödənişlə, kreditli şərtlərlə əldə edə bilərlər”.
Zərnigar Hüseynli
12:00 12.08.2026
Oxunuş sayı: 46