İrəvan sammiti Rusiyanı niyə narahat etdi?
İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti beynəlxalq siyasi gündəmin diqqət mərkəzinə çevrilmiş, xüsusilə Ukrayna Prezidenti Vladimir Zelenskinin səfəri fonunda geniş rezonans doğurmuşdur.
Bu prosesə münasibətdə Rusiya mətbuatı kəskin və tənqidi mövqe sərgiləyərək, baş verənləri Ermənistan-Rusiya münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirmişdir.
Kremlin təsir dairəsində olan informasiya resursları İrəvanda keçirilən görüşləri geosiyasi balansın dəyişməsi kontekstində təqdim etmiş, Ermənistanın xarici siyasət kursunda yeni istiqamət axtarışında olduğunu vurğulamışdır.
Eyni zamanda, sammitdə iştirak edən Qərb liderlərinin – o cümlədən Emmanuel Macron, Ursula von der Leyen və digər yüksək səviyyəli rəsmilərin iştirakı Rusiya tərəfindən “antirusiya bloklaşması” kimi interpretasiya edilmişdir.
Rusiya ekspert dairələri və siyasətçiləri bu hadisəni Ermənistanın ənənəvi müttəfiqlik münasibətlərindən uzaqlaşması kimi dəyərləndirərək, regionda yeni siyasi gərginlik risklərinin artdığını qeyd etmişlər.
Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ukrayna-Rusiya müharibəsi kontekstində artıq Avropa Birliyi ölkələri və “istəklilər koalisiyası” Ukraynanın yanında yer almışdır. Bunun əsas səbəbi Ukraynanın işğala məruz qalan tərəf kimi çıxış etməsi və faktiki olaraq azadlıq, vətən müharibəsi aparmasıdır.
Eyni zamanda, bu müharibənin Avropanın coğrafi sərhədlərinə yaxın ərazilərdə getməsi, Avropa üçün ciddi təhlükəsizlik riskləri yaradır.
Bu baxımdan, Ukraynanın müdafiəsi Avropa üçün sadəcə siyasi seçim deyil, həm də zərurətə çevrilmişdir.
Bu kontekstdə Ermənistanda keçirilən sammitin Rusiyaya qarşı yeni bir koalisiyanın formalaşması kimi qiymətləndirilməsi düzgün olmazdı. Əksinə, bu tədbir daha çox Avropaya inteqrasiya siyasətinə üstünlük verən postsovet ölkələrinin, o cümlədən Ermənistanın təşviq edilməsi xarakteri daşıyır.
Xüsusilə qeyd olunmalıdır ki, 2018-ci il “məxməri inqilabı”ndan sonra Avropa yönümlü siyasəti ön plana çıxaran Nikol Paşinyanın hakimiyyəti dövründə bu cür tədbirin keçirilməsi, seçkilər öncəsi ona Avropa Birliyi səviyyəsində verilən mühüm siyasi dəstək kimi də dəyərləndirilə bilər. Bu baxımdan yanaşdıqda, sammitin mahiyyəti daha aydın görünür.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri də məhz bu sammit çərçivəsində baş tutmuş və birbaşa Avropa Birliyi ilə bağlı tədbirlə əlaqədar olmuşdur. Zelenski artıq Ukraynanı Avropanın ayrılmaz hissəsi kimi təqdim edir və əsas strateji hədəflərindən biri ölkəsinin Avropa Birliyinə tamhüquqlu üzv olmasıdır.
Bu cür tədbirlərdə iştirak ona həm Avropa Birliyinin bir parçası olduğunu nümayiş etdirmək, həm də üzv dövlətlərin rəhbərləri və Avropa institutlarının təmsilçiləri ilə birbaşa görüşlər keçirmək imkanı yaradır.
Diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir ki, Avropa Birliyi hüdudlarından kənar ölkələrin – o cümlədən Kanadanın – bu tədbirdə iştirakı müşahidə olunmuşdur.
Eyni zamanda, NATO-nun Baş katibi Mark Rutte də sammitdə iştirak etmişdir. Bütün bunlar Ukrayna rəhbərliyi üçün yeni diplomatik təmaslar və danışıqlar imkanları formalaşdırır.
Bununla belə, ümumi mənzərədə Rusiyaya qarşı ayrıca yeni bir koalisiyanın yaradıldığını söyləmək doğru olmaz. Mövcud şəraitdə Ukraynanı dəstəkləyən güc mərkəzləri onsuz da formalaşmışdır. Lakin bu vəziyyətin daimi olacağı qənaətinə gəlmək də düzgün deyil.
Əgər gələcəkdə Rusiya işğal faktını aradan qaldırar, müharibə başa çatar və sülh təmin olunarsa, Avropa Birliyi ölkələrinin əksəriyyətinin Rusiya ilə münasibətləri normallaşdırmağa maraq göstərəcəyi ehtimalı yüksəkdir. Bu isə Avropa iqtisadiyyatının güclənməsi və qarşılıqlı ticarətin genişlənməsi baxımından əhəmiyyətlidir.
Nəticə etibarilə, sözügedən sammit anti-Rusiya xarakterli tədbir kimi deyil, daha çox Ermənistana və xüsusilə, Nikol Paşinyan hökumətinə verilən siyasi dəstək, eləcə də Avropa inteqrasiyasına meyilli dövlətlər üçün stimullaşdırıcı platforma kimi qiymətləndirilməlidir.
Sammit çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də Avropanın təhlükəsizlik arxitekturası olmuşdur. ABŞ-ın son dövrlərdə Avropa ilə məsafəni müəyyən qədər artırması və hərbi kontingentini tədricən geri çəkməsi fonunda Avropa Birliyi bu sahədə daha müstəqil strategiya formalaşdırmaq zərurəti ilə üz-üzə qalmışdır. Bu səbəbdən təhlükəsizlik məsələləri əsas müzakirə predmetinə çevrilmişdir.
Bu kontekstdə Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, Ermənistanın qarşıdan gələn parlament seçkiləri ərəfəsində mümkün hibrid təhdidlərdən qorunması məsələsi də diqqət mərkəzində olmuşdur.
Fransa Prezidenti Emmanuel Makronun çıxışında da bu məqam açıq şəkildə vurğulanmış, Ermənistanın bu cür təsirlərdən qorunmasının vacibliyi qeyd edilmişdir. Bu məqsədlə Avropa Birliyi tərəfindən ikiillik xüsusi missiyanın Ermənistana göndərilməsi planlaşdırılır. Həmin missiya Ermənistanın dövlət qurumlarına, o cümlədən təhlükəsizlik və xüsusi xidmət orqanlarına hibrid təhdidlərə qarşı mübarizədə dəstək verəcəkdir.
Beləliklə, mövcud vəziyyətdə sammit iştirakçısı olan ölkələrin böyük əksəriyyəti Ukraynanın müdafiəsi məsələsində ortaq mövqedən çıxış etsələr də, bu birlik uzunmüddətli anti-Rusiya blok kimi qiymətləndirilməməlidir. Beynəlxalq münasibətlər dinamik xarakter daşıyır və gələcəkdə geosiyasi şərait dəyişdiyi təqdirdə tərəflər arasında münasibətlərin də fərqli istiqamətdə inkişaf etməsi mümkündür".
Elmir Heydərli
13:50 07.05.2026
Oxunuş sayı: 85