ABŞ-ın səfər xəbərdarlığı - niyə Azərbaycanın adı var, Ermənistanın yox?
ABŞ Dövlət Departamentinin Azərbaycan üzrə səfər xəbərdarlığını 3-cü səviyyəyə – “Səfərə yenidən baxın” mərhələsinə yüksəltməsi ictimaiyyətdə müəyyən suallar doğurub.
Xüsusilə, bu qərarın geniş şəkildə işıqlandırılmaması və gecikmiş formada diqqətə çıxması məsələyə marağı daha da artırıb.
İlk baxışdan belə bir xəbərdarlıq ölkədaxili sabitliklə bağlı narahatlıq kimi qəbul edilsə də, məsələ daha çox regional təhlükəsizlik kontekstində qiymətləndirilməlidir.
Aparılan təhlillər göstərir ki, bu addım Azərbaycanın daxili vəziyyətindən çox, onun ətrafında formalaşan geosiyasi dinamika ilə bağlıdır.
Xüsusilə, cənub sərhədlərində müşahidə olunan gərginlik və bəzi ərazilərdə mövcud texniki risklər beynəlxalq qurumların ehtiyatlı yanaşmasına səbəb olur.
Bu baxımdan, sözügedən xəbərdarlıq daha çox preventiv xarakter daşıyır və real təhlükədən çox, potensial risklərin nəzərə alınması kimi qiymətləndirilməlidir.
Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu məsələdə müəyyən suallar yaranır. Əgər doğrudan da, belə bir addım atılıbsa, bu, regionda artıq müşahidə etdiyimiz qeyri-sabit və ziddiyyətli siyasətin davamı kimi qiymətləndirilə bilər.
Azərbaycan ilə İran arasında münasibətlərin yüksək səviyyədə olmaması məlumdur. Halbuki, çox yaxın zamanda Azərbaycan tərəfi humanitar yardım göstərmiş, hətta baş verən faciələrlə bağlı həmrəylik nümayiş etdirmişdi. Belə bir fonda qarşılıqlı etimadı zədələyən addımların atılması anlaşılan deyil.
Digər tərəfdən, maraqlı məqam ondan ibarətdir ki, bəzi xəbərdarlıqlarda Azərbaycanın adı çəkilsə də, Ermənistanın adı qeyd olunmur. Halbuki, regionda və dünyada ən böyük diplomatik nümayəndəliklərdən birinə məhz Ermənistanda malik olan Amerika Birləşmiş Ştatları bu məsələdə fərqli yanaşma sərgiləyir. Bu isə müəyyən suallar doğurur: niyə eyni yanaşma bütün region ölkələrinə tətbiq edilmir?
Ehtimal olunur ki, burada geosiyasi maraqlar, xüsusilə də İranla bağlı müşahidə və nəzarət imkanları müəyyən rol oynayır. Lakin bütün bunlar açıq və aydın şəkildə izah edilmədiyi üçün şübhələr daha da artır.
Əgər belə hallar baş verirsə, sonradan məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr irəli sürülə bilərdi. Amma bu da baş vermir.
Bu baxımdan, hesab edirəm ki, Azərbaycan tərəfi daha konkret və prinsipial suallarını qarşı tərəfə ünvanlamalıdır.
Eyni zamanda, humanitar yanaşma davam etdirilsə də, milli maraqlar və təhlükəsizlik məsələləri prioritet olaraq saxlanılmalıdır. Xarici siyasətdə balansın qorunması vacibdir.
Bundan əlavə, Amerika Birləşmiş Ştatları tərəfindən verilən xəbərdarlıqlarda selektiv yanaşma müşahidə olunur. Əgər regionda risklər mövcuddursa, bu, bütün ölkələr üçün eyni şəkildə ifadə edilməlidir. Ermənistanın adının çəkilməməsi isə əlavə suallar doğurur və bu məsələyə aydınlıq gətirilməsi zəruridir.
Nəticə etibarilə, Azərbaycan xarici siyasətində mövcud yanaşmaları yenidən nəzərdən keçirməli, dəyişən geosiyasi şəraitə uyğun olaraq daha çevik və prinsipial mövqe sərgiləməlidir. Mövcud vəziyyət göstərir ki, bəzi hallarda əvvəlki balanslı siyasət tədricən zəifləyə bilər və buna görə də yeni yanaşmaların formalaşdırılması zəruridir".
Elmir Heydərli
13:10 05.05.2026
Oxunuş sayı: 53