Xarici dil imtahanlarında dəyişikliklər şagirdlərə nə vəd edir?
Gələn ildən etibarən 11 illik tam orta təhsil səviyyəsində keçiriləcək buraxılış imtahanlarında mühüm dəyişikliklərin tətbiqi planlaşdırılır.
Dövlət İmtahan Mərkəzinin rəsmisinin açıqlamasına əsasən, xüsusilə xarici dillər üzrə imtahan modelinin yenilənməsi şagirdlərin qiymətləndirilməsində daha çevik və obyektiv yanaşmanın təmin olunmasına yönəlib.
Yeniliklər çərçivəsində şagirdlərə əlavə vaxt verilməsi, tapşırıqların sayının optimallaşdırılması və yazı bacarığının ayrıca qiymətləndirilməsi nəzərdə tutulur.
Bu dəyişikliklərin əsas məqsədi imtahan prosesinin keyfiyyətini artırmaqla yanaşı, şagirdlərin real bilik və bacarıqlarını daha dolğun şəkildə üzə çıxarmaqdır.
Məsələ ilə bağlı təhsil üzrə ekspert İlkin Bayraməli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İngilis dili üzrə speaking (danışıq) hissəsinin buraxılış imtahanlarına daxil edilməsi şagirdlərin dil bacarıqlarının daha obyektiv və real şəkildə qiymətləndirilməsinə şərait yaradır.
Bu yanaşma yalnız test nəticələrini deyil, şagirdin dili gündəlik ünsiyyətdə necə istifadə etdiyini də üzə çıxarır. Nəticədə, şagirdlər dili daha məqsədli öyrənməyə və praktik bacarıqlarını inkişaf etdirməyə yönəlirlər.
Speaking bacarığının qiymətləndirilməsi həm də gələcək təhsil və karyera imkanları baxımından əhəmiyyətlidir. Bu, şagirdlərin öz fikirlərini sərbəst ifadə etməsinə və özünə inamının formalaşmasına müsbət təsir göstərir.
Bununla belə, bu yeniliyin müəyyən çətin tərəfləri də mövcuddur. İmtahan müddətinin uzanması, təşkilati proseslərin mürəkkəbləşməsi və bəzi şagirdlərdə həyəcanın artması nəzərə alınmalı məqamlardandır.
Ümumilikdə, düzgün və şəffaf şəkildə təşkil edildiyi halda speaking hissəsi imtahanların keyfiyyətini artıran və şagirdlərin real dil bacarıqlarını üzə çıxaran mühüm addım kimi dəyərləndirilə bilər".
Elmir Heydərli
14:04 05.05.2026
Oxunuş sayı: 51