Dezinformasiya ictimai rəyi necə manipulyasiya edir?- Sülh prosesi niyə xarici təsirlərin hədəfinə çevrilir?
Cənubi Qafqazda həssas və həlledici mərhələnin yaşandığı bir dövrdə informasiya məkanında baş verənlər ən az real siyasi proseslər qədər əhəmiyyət daşıyır. Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin müzakirə olunduğu, normallaşma istiqamətində addımların atıldığı bir vaxtda paralel şəkildə dezinformasiya kampaniyalarının aktivləşməsi təsadüfi deyil.
Bu cür fəaliyyətlər adətən sülh prosesinə kölgə salmaq, ictimai rəyi çaşdırmaq və tərəflər arasında etimadı zəiflətmək məqsədi daşıyır.
Xüsusilə, xaricdə fəaliyyət göstərən müxtəlif lobbi qruplarının, bəzi media strukturlarının və təsir imkanlarına malik şəxslərin koordinasiyalı şəkildə vahid tezis üzərindən hərəkət etməsi bu prosesin planlı xarakter daşıdığını göstərir. Bu isə onu deməyə əsas verir ki, informasiya müharibəsi artıq regionda geosiyasi rəqabətin ayrılmaz hissəsinə çevrilib.
Belə bir şəraitdə əsas sual yaranır: sülhə doğru addımların atıldığı bir mərhələdə bu tip dezinformasiyaların yayılması nə dərəcədə təhlükəlidir və bunun qarşısını almaq üçün hansı effektiv mexanizmlər mövcuddur?
Mövzu ilə bağlı media eksperti Müşfiq Ələsgərli Crossmedia.az-a açıqlama verib:

“Həqiqətən də son günlərdə Azərbaycanı, eləcə də Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyasının aparıldığını, sülh prosesinə ciddi zərbə vura biləcək təbliğatın aparıldığını görürük.
Bu kampaniyanın böyük mənada erməni diaspor təşkilatları və lobbi qrupları tərəfindən təşkil edildiyinə heç bir şübhə yoxdur. Məhz erməni lobbi qruplarının təsiri ilə az müddət öncə Belçika parlamentindən, Niderland parlamentindən, həmçinin, bir sıra ölkələrin rəsmi şəxslərinin dilindən anti-Azərbaycan, anti-türk ritorikası gündəmə gətirildi.
Əlavə olaraq, Avropa Parlamenti də bu kampaniyaya qoşuldu. Guya erməni xalqına canyanalıq edərək, “Qarabağdan köç etmiş ermənilərin geri qaytarılması” yönündə tələb səsləndirildi.
Amma proseslərin təhlili və əldə edilən faktlar göstərir ki, bu bəyanatların və dezinformasiyaların kökündə erməni xalqına gerçək xidmət deyil, siyasi ambisiyalar dayanır.
Onlar erməni xalqında revanşist hissləri qızışdırmaqla regionda konflikt yaratmaq, bu konflikt üzərindən özlərinin geopolitik maraqlarını reallaşdırmaq istəyirlər.
Bu mənada “Minval Politika”nın əldə edib ictimailəşdirdiyi videogörüntüdə əks olunanlar çox gösəl nümunədir. Videoda adı keçən mərkəzi fiqur Luis Moreno Okampo uzun müddət Birləşmiş Millətlər Təşkilatının strukturlarında təmsil olunub, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru kimi fəaliyyət göstərib.
Həmin postlardan istifadə edərək Avropa İttifaqı, Avropa Parlamenti kimi mötəbər təşkilatlarda münasibət qurduğu şəxsləri bu gün özünün neqativ əməllərinə alət edir. Videodakı danışıqlarından bəlli olur ki, onlar Rusiyanın erməniəsilli biznesmenlərindən Azərbaycana qarşı qaralama kampaniyası aparmaq üçün maddi vəsait və göstərişlər alıblar”.
Ekspert əlavə edib ki, indi isə ABŞ-dəki erməni diaspor təşkilatlarından sifariş və maddi dəstək alaraq, Ermənistanda keçiriləcək seçki prosesinə müdaxilə etməyə, Baş nazir Nikol Paşinyanı devirməyə çalışırlar:
“Bir ölkənin daxili işlərinə qarışmaq, seçki prosesinə müdaxilə etmək “lobbi qrup”lar üçün müəyyənləşdirilmiş çərçivəni aşır, cinayətkar əməl xarakteri daşıyır.
Məsələnin diqqət çəkən tərəfi odur ki, erməni dispor təşkilatları, lobbi qrupları Avropa İttifaqı, Avropa Parlamenti, BMT, Avropa Şurası, kimi beynəlxalq dövlətlərarası təşkilatlarda yer tutaraq özlərinin cinayətkar əməllərini “insan haqlarının müdafiəsi”, “demokratik dəyərlərin qorunması” adı ilə pərdələyiblər.
Bu şəbəkə üzvləri əvvəllər erməni diaspor təşkilatlarından aldıqları rüşvət qarşılığında təkcə Azərbaycanı hədəfə gətirirdilərsə, indi Ermənistanın legitim hakimiyyətini-Paşinyan komandasını da hədəf seçirlər.
Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa meylli olduğu üçün onun haqqında da qaralama kampaniyası aparırlar. Beləliklə, Cənubi Qafqazda sülh prosesini pozub qarışıqlıq yaratmaq, bu qarışıqlıq fonunda özünün geopolitik maraqlarını təmin etmək istəyən güc mərkəzləri ilə erməni diaspor qruplarının maraqları birləşir.
Bu birləşmiş şəbəkə Azərbaycana qarşı və Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarına qarşı hərəkətə keçiblər. Dezinformasiyalar yaymaqla, qaralama kampaniyaları aparmaqla ictimai rəyi çaşdırmaq, Ermənistanda revanşizmi gücləndirmək, nəticə olaraq Cənubi Qafqazı yenidə qan gölünə çevirmək istəyirlər”.
Ayhan
17:10 04.05.2026
Oxunuş sayı: 51