Baru, Baruka – “Hasarlanmış məbəd”
İkinci hissə: Baru, Baruka – “Hasarlanmış məbəd”
Tarix elmləri doktoru Həsən Həsənov özünün “Qız qalası” adlı monoqrafiyasında Bakının qədim tarixi, onun müxtəlif dövrlərdə daşıdığı adlar və bu adların mənşəyi ilə bağlı geniş tədqiqat aparıb. Saytımız həmin araşdırmanı 7 hissə şəklində təqdim edir.
Tarix elmləri doktoru Həsən Həsənov Bakının qədim adları ilə bağlı araşdırmalarında “Baru” və “Baruka” toponimlərini xüsusi qeyd edir və onların Bakhau adlı eyni coğrafi məkanı – yəni qədim Bakını ifadə etdiyini əsaslandırmağa çalışır.
Qədim Misir mənbələrinə görə, V sülalənin sonuncu fironu Unas (b.e.ə. 2375–2345) dövründə “Sebek” adlı mifoloji obraz “Baru” adlı ərazinin hökmdarı kimi təqdim olunur. Daha sonrakı dövrə – XVIII sülaləyə (b.e.ə. 1550–1292) aid mətnlərdə isə “Sebek” artıq “Bakhau”nun hökmdarı kimi qeyd edilir. Tədqiqatçı U.Bac bu iki faktı müqayisə edərək bildirir ki, “Baru” və “Bakhau” əslində eyni məkandır, sadəcə fərqli dövrlərdə müxtəlif formalarda işlədilib. Yəni Misir mənbələri bu adlarla eyni məkanı – Bakını nəzərdə tutur. Maraqlı məqamlardan biri də budur ki, “Baru” yazılarkən “Bakhau”-da olduğu kimi Misir heroqliflərində “özgə ölkə” mənasını verən xüsusi determinativ işarə də istifadə olunur. Bu isə həmin ərazinin Misir üçün xarici, uzaq bir məkan olduğunu göstərir. Məsələyə antik mənbələr də işıq salır. Misirdə yaşayan II əsr müəllifi Klavdi Ptolemey Qafqaz Albaniyası ərazisində “Baruka” adlı şəhərin adını çəkir. Bir sıra tədqiqatçılar – o cümlədən Sara Aşurbəyli və digərləri – bu şəhəri Bakı ilə eyniləşdirirlər. Bu baxımdan “Baru” (Misir mənbələri) və “Baruka” (antik Roma-coğrafiya mənbəyi) arasında paralel qurulur və beləliklə, təxminən 1800 il fərqlə eyni toponimin müxtəlif formalarda təsdiqi ortaya çıxır. Bu adların mənasına gəldikdə isə, dilçilik materialları maraqlı nəticələr verir. Vasily Radlovun lüğətinə görə, “baru(k)” türk dillərində “divar”, “qala” mənasını verir. Azərbaycan dilində bu gün də “barı” sözü “hasar”, “divar” mənasında işlədilir. Qədim türk yazılı abidələrində, xüsusilə Gültəgin kitabəsində “bark” sözü “bina”, “tikili”, bəzi tədqiqatlara görə isə “məbəd” anlamında istifadə olunub. Bu faktlara əsasən, “Baru” və “Baruka” toponimləri çoxmənalı anlayışlar kimi çıxış edir və “divarla əhatələnmiş, daxilində məbəd olan qala” kimi izah olunur. Bu isə Bakının qədim dövrlərdə həm müdafiə olunan, məbəd kimi mövcudluğu ehtimalını gücləndirir.
Araşdırmanın nəticələrinə görə, Bakı toponimi müxtəlif dövrlərdə fərqli formalarda qeydə alınıb:
“Baru” – b.e.ə. XXIV əsr (Qədim Misir mənbələri)
“Bakhau” – b.e.ə. XVI–XIII əsrlər (Yeni padşahlıq dövrü, Ölülər kitabı)
“Baruka” – b.e. II əsr (antik müəllif Klavdi Ptolemey)
Mənim “Qız Qalası” monoqrafiyama münasibət bildirən Varşava Universitetinin professoru, tanınmış misirşünas Ance Nivinski qeyd edir ki, qədim Misir mənbələrində Bakının fərqli adlarla xatırlanması ehtimalı tam istisna edilmir. Onun fikrincə, bu məsələ uzun müddətdir dərindən araşdırılmayıb və əlavə tədqiqatlara ehtiyac var. Alim vurğulayır ki, əgər “Bakhau” ilə müasir Bakı arasında əlaqə mövcuddursa, bu halda ilkin adlandırmalar Misirdə formalaşıb və sonradan bu adı daşıyanlar tərəfindən Qafqazda yerləşən əraziyə tətbiq olunub. Yoxsa əksinə “Baru”, “Bakhau” və “Baruka” adları Apşeronda formalaşıb Misirə ya burada olan misirlilərə çatdırılıb. Hər halda bu toponimlər müasir Bakının tarixinin daha qədim qatlara gedib çıxdığını göstərir.
Həsən Həsənov,
professor
11:00 05.05.2026
Oxunuş sayı: 1829