Çin raketi ABŞ-nin kosmik texnologiyasına meydan oxudu
Çin kosmos sahəsində mühüm nailiyyət əldə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ölkənin Çançjen-10B raketinin birinci pilləsi uçuşdan sonra uğurla geri qayıdaraq okeandakı platformaya yerləşdirilib.
Məlumata görə, Çin daha əvvəl fevral ayında yalnız sınaq uçuşları həyata keçirirdi. Həmin vaxt raket pilləsi platformanın yaxınlığındakı suya düşürdü və məqsəd yalnız konstruksiyanın möhkəmliyini yoxlamaq idi.
Bu dəfə isə mühəndislər raket hissəsini sadəcə suya endirməklə kifayətlənməyərək, onu dəqiq şəkildə platformaya qaytarmağı bacarıblar.
Bildirilir ki, SpaceX raketlərinin enişindən fərqli olaraq, Çin özünəməxsus sistemdən istifadə edib. Raket platformaya yaxınlaşdıqda xüsusi qarmaqlar tor qurğuya ilişir, bu isə sürəti azaldır və avtomatik sistem vasitəsilə birinci pillə möhkəm şəkildə sabitlənir. Beləliklə, külək və dalğaların təsiri ilə raketin aşmasının qarşısı alınır.
Bu üsul raketin konstruksiyasını qoruyaraq onu yenidən istifadəyə imkan verir. Çin əldə etdiyi bu uğur sayəsində ilin sonuna qədər həmin raket pilləsini təkrar buraxılışda istifadə etməyi planlaşdırır. Bu isə gələcək kosmik uçuşların xərclərini əhəmiyyətli dərəcədə azalda bilər.
19:46 10.07.2026
Oxunuş sayı: 71