İrana yeni hücum təhlükəsi: Pakistan və Qətər hərəkətə keçib
ABŞ-nin Yaxın Şərqə əlavə hərbi gəmilər göndərməsi və İsrailin İrana mümkün zərbələrə hazırlaşması fonunda diplomatik səylər gücləndirilib. Məqsəd bölgədə hərbi qarşıdurmanın yenidən başlamasının qarşısını almaqdır.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Pakistan və Qətər ABŞ ilə İran arasında nüvə danışıqlarını bərpa etmək üçün vasitəçilik səylərini intensivləşdirib.
Müzakirə olunan təkliflər arasında Tehranın nüvə proqramı ilə bağlı güzəştlərə getməsi müqabilində sanksiyaların yumşaldılması və İranın xaricdə dondurulmuş maliyyə vəsaitlərinə çıxışının təmin edilməsi yer alır.
Bu arada ABŞ bölgədə hərbi mövcudluğunu artırır, İsrail isə İran ərazisinə mümkün yeni zərbələr endirmək variantlarını nəzərdən keçirir.
Məlumata əsasən, İrandakı sərt mövqeli siyasi qüvvələr danışıqların bərpasına qarşı çıxaraq Vaşinqtondan hərbi təhdidlərə son qoymasını tələb edirlər.
İran rəsmiləri ölkəyə qarşı yeni hücumların baş verəcəyi təqdirdə genişmiqyaslı cavab tədbirləri görüləcəyi barədə xəbərdarlıq ediblər.
Diplomatik vasitəçilər isə tərəfləri yenidən danışıqlar masasına qaytarmaq və Yaxın Şərqdə hərbi gərginliyin artmasının qarşısını almaq üçün səylərini davam etdirirlər.
12:00 22.10.2026
Oxunuş sayı: 156