Polşa-Ukrayna münasibətlərində yeni mübahisə – Silah yardımı dayandırılacaq?
Polşa Müdafiə Nazirliyi Ukraynaya böyük həcmdə hərbi yardım paketinin göndərilməsinin dayandırılması ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, Polşanın “Fakt” nəşri bu barədə Müdafiə Nazirliyinin sözçüsü Yanuş Seymeyə istinadən məlumat yayıb.
Bundan əvvəl Ukraynanın “Avropa Pravdası” nəşri hökumətdəki mənbəsinə istinadən bildirmişdi ki, Lvov Vilayət Şurasının 2027-ci ili Ukrayna Üsyançı Ordusu (UPA) və Roman Şuxeviç ili elan etməsindən sonra Polşa Ukraynaya hərbi yardım paketinin göndərilməsini dayandırıb.
Məlumata görə, qərar Polşanın Ukraynaya genişmiqyaslı hərbi yardım paketi hazırladığı dövrdə qəbul edilib. Tədarükün dayandırıldığı və yaranmış vəziyyətin qapalı diplomatik kanallar vasitəsilə həllinə çalışıldığı iddia olunub.
Lakin Polşa Müdafiə Nazirliyinin sözçüsü Yanuş Seymey “Fakt” nəşrinə açıqlamasında bu iddiaları rədd edib.
“Bu məlumatlar həqiqətə uyğun deyil”, – deyə o bildirib.
Qeyd edək ki, Lvov Vilayət Şurasının qərarı Polşada etirazlara səbəb olub. Ukrayna Xarici İşlər Nazirliyi də qərarın Polşa ilə münasibətlərə mənfi təsir göstərə biləcəyini bildirib.
Polşa xarici işlər nazirinin müavini Marçin Bosaçki isə Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın əməkdaşlarından sözügedən qərarın qüvvəyə minməyəcəyinə dair təminat aldıqlarını açıqlayıb.
11:40 22.10.2026
Oxunuş sayı: 294