Milli Məclis BMT-ni Fransada polis zorakılığını araşdırmağa çağırdı
Azərbaycan Milli Məclisi Fransada uşaqlara və dinc nümayişçilərə qarşı polis zorakılığı barədə məlumatların araşdırılması üçün müstəqil beynəlxalq təhqiqat komissiyasının yaradılmasına çağırıb.
Crossmedia.az xəbər verir ki, bu çağırış parlamentin Fransada 2026-cı ilin sentyabr-oktyabr aylarında baş verən kütləvi etirazlar və iğtişaşlarla bağlı bəyanatında yer alıb.
Bəyanatda təhsil sisteminin vəziyyəti, yaşayış xərclərinin artması və sosial problemlər zəminində başlayan etirazların oktyabrın 17-də ölkənin müxtəlif şəhərlərinə yayıldığı bildirilib. Sənəddə həmin gün nümayişlərdə 550 min nəfərin iştirak etdiyi, 2400 nəfərə yaxın şəxsin həbs olunduğu qeyd edilib.
Milli Məclis xüsusilə azyaşlılara qarşı güc tətbiqi barədə məlumatlardan narahatlığını ifadə edib. Bəyanatda Lansda 15 yaşlı yeniyetmənin əlini, Müluzda isə 17 yaşlı qızın bir gözünün görmə qabiliyyətini itirməsi ilə nəticələnən hadisələrin müstəqil və şəffaf araşdırılmasının vacibliyi vurğulanıb.
Parlament Fransanı uşaqlara və dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqinin qarşısını almağa, ağır xəsarətlərlə nəticələnmiş hadisələri hərtərəfli araşdırmağa və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırıb. Həmçinin həbs edilənlərin, xüsusilə azyaşlıların hüquqlarının qorunması və dinc toplaşmaq azadlığına hörmət göstərilməsi tələb olunub.
Sənəddə Fransanın dənizaşırı ərazilərindəki vəziyyətə də diqqət çəkilib. Qvadelupda iğtişaşlardan sonra komendant saatının tətbiqi, Yeni Kaledoniyada isə yerli Kanak əhalisinin hüquqları və hüquq-mühafizə orqanlarının həddindən artıq güc tətbiqi ilə bağlı məlumatlar narahatlıq doğuran hallar kimi göstərilib.
Milli Məclis baş verənləri Fransa hökumətinin dərin siyasi və idarəetmə böhranının göstəricisi kimi qiymətləndirib, hadisələrə görə siyasi məsuliyyət məsələsinin diqqətdən kənarda qalmamalı olduğunu bildirib.
Bəyanatda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Fransadakı hadisələrə münasibətdə susqunluqda və insan hüquqlarına seçici yanaşmaqda ittiham olunub.
Parlament BMT-nin İnsan Hüquqları Şurasını müstəqil beynəlxalq təhqiqat komissiyası yaratmağa, Fransa parlamentini, beynəlxalq parlament təşkilatlarını və insan hüquqları təsisatlarını isə belə bir araşdırmaya dəstək verməyə çağırıb.
12:04 22.10.2026
Oxunuş sayı: 137