İran üçün üç günlük hücum planı: ABŞ və İsrailin hədəfləri məlum oldu
ABŞ və İsrail noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi zərbələrin bərpası ilə bağlı planlar hazırlayıb.
Crossmedia.az xəbər verir ki, “The New York Times” nəşri bu barədə məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, təxminən üç gün davam etməsi nəzərdə tutulan hərbi əməliyyat çərçivəsində İranın enerji infrastrukturu, nüvə obyektləri, raket və pilotsuz uçuş aparatları arsenalı əsas hədəflər sırasında yer alır.
Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin daha da yüksəlməsinin qarşısını almağa çalışdığı üçün neft emalı zavodlarının hədəfə alınması nəzərdə tutulmur.
ABŞ və İsrail hərbçiləri İranın dərin yeraltı obyektlərindən birinin yerləşdiyi, Kuh-Kolang adı ilə də tanınan Kirk dağına zərbə endirilməsi variantını da nəzərdən keçirirlər.
Məlumata əsasən, tərəflər mümkün hərbi əməliyyata hazırlıq çərçivəsində birgə təlimləri intensivləşdiriblər. Bu təlimlərə İraq üzərində uçuşlar vasitəsilə zərbə manevrlərinin sınaqdan keçirilməsi də daxildir.
Bununla belə, Donald Trampın İrana qarşı yeni hərbi əməliyyata yekun razılıq verib-verməyəcəyi hələlik məlum deyil. ABŞ administrasiyası mümkün hərbi planlarla bağlı rəsmi təsdiq verməyib.
11:02 22.10.2026
Oxunuş sayı: 122