Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
Güləş üzrə Azərbaycan milli komandaları fizioterapistlərlə təmin olunacaq.
Bu barədə Crossmedia.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bununla bağlı təşkil olunan görüşdə Azərbaycan İdman Akademiyasının (ASA) nümayəndələri də iştirak ediblər. Tədbirdə məşqçilər və fizioterapistlər arasında əməkdaşlığın hansı formatda qurulmalı olduğu, təcrübəçilərin məşq prosesindəki rolu, fəaliyyət prinsipləri və gözləntilərin düzgün müəyyənləşdirilməsi məsələləri görüşün əsas müzakirə mövzusu olub.
Görüş zamanı gənc mütəxəssislərin U-15, U-17 və U-20 yaş qrupları üzrə milli komandaların məşq prosesinə cəlb olunması, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi vurğulanıb.
Proqram çərçivəsində tələbələr böyüklərdən ibarət milli komandalarda çalışan peşəkar həmkarlarının təcrübəsindən yararlanacaqlar. ASA ilə birgə həyata keçirilən bu layihə nəticəsində ilk dəfə olaraq bütün yaş qrupları üzrə güləş milliləri fizioterapistlərlə təmin ediləcək.
Qeyd edək ki, praktiki təcrübə müddətində fəallığı və peşəkarlığı ilə fərqlənən tələbələrin gələcəkdə daimi işlə təmin olunması nəzərdə tutulur.
11:58 22.10.2026
Oxunuş sayı: 44