İqtisadi münasibətlərin inkişafı Ermənistan konstitusiyasının dəyişməsindən asılıdır
2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistanın hava məkanından istifadəyə görə “Armaeronaviqasiya” şirkətinə 434 min 316 avro ödəyib. Bu ödəniş, uzun illər davam edən siyasi gərginlik və qarşıdurmadan sonra iki ölkə arasında iqtisadi sahədə yaranan ilk real əməkdaşlıq mexanizmlərindən biri kimi qiymətləndirilə bilər. Beynəlxalq aviasiya qaydalarına uyğun olaraq Eurocontrol sistemi vasitəsilə edilən köçürmələr, regionda yeni iqtisadi münasibətlərin formalaşmasına dair maraqlı siqnal verir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlama verib:
“Azərbaycan Ermənistanın hava məkanından istifadəyə görə mütəmadi olaraq ödənişlər həyata keçirir. Təbii ki, söhbət münasibətlərdə gərginliyin azalması və yaranan iqtisadi əlaqələr fonunda həyata keçirilən ödənişlərdən gedir. Son illərdə bu cür ödənişlərin mütəmadi şəkildə həyata keçirildiyini müşahidə edirik. Əslində, Azərbaycan verdiyi öhdəliklərə sadiq qaldığını nümayiş etdirir. Bir tərəfdən Ermənistanın hava məkanından istifadəyə görə ödəniş edir, digər tərəfdən isə Ermənistana müəyyən məhsullar ixrac edir. Eyni zamanda, Ermənistanın Azərbaycan ərazisi üzərindən daşınan yükləri ilə bağlı mövcud məhdudiyyətlər də aradan qaldırılır”.

Deputat əlavə edib ki, bütün bunlar regionda iqtisadi əməkdaşlıq üçün yeni platformanın formalaşdığını göstərir: “Bu yeni iqtisadi platformanın tam şəkildə inkişaf etməsi isə sülh müqaviləsinin imzalanmasından asılı olacaq. Ermənistan tərəfi Konstitusiyaya dəyişiklikləri nə qədər tez həyata keçirərsə, sülh müqaviləsinin bağlanması və iqtisadi əlaqələrin daha da genişlənməsi də bir o qədər sürətlənəcək. Azərbaycan bununla bir daha nümayiş etdirir ki, regionda sülhün və əməkdaşlığın tərəfdarıdır. Bu istiqamətdə də ölkə tərəfindən ardıcıl, strateji və məqsədyönlü addımlar atılır”.
Ayhan
19:00 10.07.2026
Oxunuş sayı: 57