Həsən Həsənov: Qədim Misir mənbələrinə görə Bakının 4400 il yaşı var
BİRİNCİ HİSSƏ: BAKHAU – DOĞAN GÜNƏŞ MƏBƏDİ
Tarix elmləri doktoru Həsən Həsənov özünün “Qız qalası” adlı monoqrafiyasında Bakının qədim tarixi, onun müxtəlif dövrlərdə daşıdığı adlar və bu adların mənşəyi ilə bağlı geniş tədqiqat aparıb. Sytaımız bu gündən etibarən həmin araşdırmanı 7 hissə şəklində təqdim edirik.
Qədim Misirin ən mühüm mənbələrindən olan “Ölülər” kitabı arxeoloji və yazılı baxımdan dünya elmində etibarlı sayıllır. Bu mənbəyə əsaslanan bir sıra tanınmış alimlər – o cümlədən William Flinders Petrie, Ernest Palmer, R. A. Fessenden və başqaları – Misir sivilizasiyasının Qafqazla bağlı olduğunu irəli sürüblər. Onların fikrincə, Misir mətnlərində 150-dən çox Qafqaz toponimi və hidronimi, eləcə də bu bölgə ilə bağlı mifoloji süjetlər yer alır. Bu kontekstdə ən diqqətçəkən anlayışlardan biri “Bakhau – Doğan günəş dağı” ifadəsidir. Flinders Petrinin fikrincə, bu ad müasir Bakını nəzərdə tutur. Bu yanaşma digər misirşünaslar tərəfindən də dəstəklənib, lakin Azərbaycan elmi mühitində bu ideya yetərincə inkişaf etdirilməyib.
Misir mətnlərində “Bakhau” anlayışı Doğan günəş dağı mənasında təqdim olunur. Maraqlı məqamlardan biri də budur ki, “Bakhau” yazılarkən Misir heroqliflərində “özgə ölkə” mənasını verən xüsusi determinativ işarə də istifadə olunur. Bu isə həmin ərazinin Misir üçün xarici, uzaq bir məkan olduğunu göstərir. “Dağ” anlayışı isə məbəd anlamı daşıyır. Məsələn, Mircea Eliade qeyd edir ki, qədim sivilizasiyalarda “dağ” müqəddəs məkan, kosmik mərkəz və ilahi yüksəliş simvolu kimi qəbul olunurdu. “Doğan günəş” isə ənənəvi olaraq “Şərq” mənasını verir. Beləliklə, “Bakhau – doğan günəş dağı” ifadəsi “Bakı – Şərqdə yerləşən Günəş müqəddəs məbəd” kimi anlam verir. Misir papirusu NU-ya əsasən “Bakhau”nun ölçüləri də göstərilir: uzunluğu 300 kxet (təxminən 15 km), eni isə 150 kxet (təxminən 7,5 km). Bu isə ümumilikdə 112,5 kvadrat kilometr sahəyə uyğun gəlir və “Bakhau”nun mif deyil, real coğrafi ərazi olduğunu göstərir.
Eyni mənbədə “qaynayan göllər” (palçıq vulkanları) və “od çölləri” (təbii qaz sızmaları) kimi təsvirlər verilir ki, bu da birbaşa Abşeron yarımadasının təbii xüsusiyyətlərinə uyğun gəlir. Misir mənbələrində “Bakhau”nun başqa bir xüsusiyyəti də qeyd olunur: burada məbədin olması və cənnətin onun şimalında yerləşməsi. Eyni zamanda, “Bakhau” ilə “Manu” adlı başqa bir dağın qarşı-qarşıya yerləşdiyi bildirilir. Tədqiqatçılar “Bakhau”nu Abşeron yarımadası ilə, “Manu”nu isə Qafqaz dağlarının başlanğıc nöqtəsi kimi Taman yarımadası bölgəsi nəzərdə tutulur. Bu isə Günəşin doğuşundan batışına qədər olan kosmik trayektoriyanın Qafqaz üzərindən keçməsi kimi mifoloji model yaradır. Bu sistemdə Qafqaz dağ silsiləsi xüsusi yer tutur. Onun 23,5 dərəcəlik meyilliyi Yer oxunun və Günəşin ekliptika meyilliyi ilə üst-üstə düşür. Bu isə qədim kahinlərin astronomik biliklərinin yüksək səviyyədə olduğunu göstərir.
Bunlarla yanaşı “Bakhau”nun hökmdarı kimi “Sebek” adlı mifoloji obraz təqdim olunur. Bu ad “qapı”, “darvaza” mənası verir və ehtimal olunur ki, bu anlayış Bakı körfəzi və onun girişini simvolizə edir. Bu baxımdan müasir Səbail qalası “Bakhau”nun qapısı kimi qəbul edilir. “Sabail” toponiminin türk dillərindəki izahına görə, “sab” – söz, “ail” isə yurd və ya müqəddəs məkan anlamı daşıyır. Bu isə həmin ərazinin kahinlik və ya mistik fəaliyyət mərkəzi olması ehtimalını gücləndirir. Misir mətnlərində “Bakhau” ilə bağlı digər maraqlı detal isə burada yerləşən “öz odunda yaşayan” ilan obrazıdır. Bu varlıq İsida tanrısı ilə əlaqələndirilir. İsida tanrısı “Sehr və caduların hökmdarı” və “Bütün ilahilərin anası” kimi tanınır və günəşin doğuşu ilə bağlı miflərdə mühüm yer tutur. Eyni zamanda, “Bakhau”da “ecazkar öküz”dən də bəhs olunur. Bu varlıq Osiris ilə eyniləşdirilir və “yeraltı dünyanın hökmdarı” kimi təqdim olunur. Öküz simvolu həm də ölüm və yenidən doğuluş ideyasını ifadə edir.
Ümumilikdə, Misirlilərin “Ölülər kitabı”nda təsvir olunan “Bakhau” aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur:
• Xəzər dənizinin qərb sahilində yerləşən real ərazi
• Palçıq vulkanları və yanar qaz sahələri ilə zəngin bölgə
• Günəşin doğuşu ilə əlaqələndirilən müqəddəs məkan
• Osiris, İsida, Şir və Öküz kimi simvollarla bağlı mifoloji sistem
Bütün bu faktlar əsasında tədqiqatçılar belə nəticəyə gəlirlər ki, hələ e.ə. XV əsrə aid mənbələrdə Bakı şəhərinin adı “Bakhau” formasında çəkilir və bu məkan qədim dünyanın sakral-coğrafi xəritəsində mühüm yer tutur.
Professor Həsən Həsənov
11:00 04.05.2026
Oxunuş sayı: 38