Yollarda beton arakəsmələr, yoxsa metal tirlər – hansına üstünlük verilməlidir?
Müasir yol-nəqliyyat sistemlərinin inkişafı yalnız yolların genişləndirilməsi və asfalt keyfiyyətinin artırılması ilə məhdudlaşmır, eyni zamanda insan həyatının qorunmasını təmin edən mühəndis həllərinin tətbiqini də zəruri edir.
Bu həllərdən biri magistral və şəhərdaxili yollarda geniş istifadə olunan metal qoruyucu tirlərdir ki, onlar nəqliyyat vasitələrinin yoldan çıxmasının və qarşı zolağa keçərək ağır qəzaların baş verməsinin qarşısını almaq məqsədi daşıyır.
Azərbaycanda, xüsusilə Bakı şəhərinin əsas magistral yollarında bu tip qoruyucu baryerlərin quraşdırılması son illərdə daha da intensivləşmişdir.
Onların tətbiqi beynəlxalq yol təhlükəsizliyi standartlarına uyğun olaraq həyata keçirilir və əsas məqsəd yüksək sürətli hərəkət şəraitində risklərin minimuma endirilməsidir.
Eyni zamanda, bu sistemlərin effektivliyi onların düzgün layihələndirilməsi, keyfiyyətli materiallardan hazırlanması və düzgün quraşdırılması ilə birbaşa bağlıdır.
Dünya təcrübəsində dəmir tirlər və digər qoruyucu baryer sistemləri uzun illərdir ki, yol infrastrukturunun ayrılmaz hissəsi hesab olunur və müxtəlif ölkələrdə fərqli texnoloji yanaşmalarla tətbiq edilir.
Bu sistemlər bir tərəfdən qəza zamanı zərbənin təsirini azaltmaqla insan həyatını xilas edir, digər tərəfdən isə yol hərəkətinin təhlükəsiz və nizamlı şəkildə təşkilinə xidmət edir.
Bununla belə, onların təhlükəsizlik dərəcəsi yalnız mövcudluğundan deyil, həm də texniki standartlara uyğunluğundan və istismar vəziyyətindən asılıdır.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Rauf Ağamirzəyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Axınların ayrılması üçün ümumilikdə müxtəlif mühəndis həlləri mövcuddur və onlardan biri də əyri xətli tirlərin tətbiqidir. Bu üsul Bakıda da müəyyən dövrlərdə istifadə olunmuşdur.
Nəzərə almaq lazımdır ki, Bakı şəhəri və onun ətraf yaşayış məntəqələri sıx urbanizasiya olunmuş ərazilərdir və burada hərəkət sürətləri nisbətən aşağıdır.
Magistral yollar üzrə sürət həddi adətən 110 km/saat, ödənişli yollarda isə 130 km/saat kimi müəyyən edilir. Belə yüksək sürət rejimlərində daha çox beton arakəsmələrə üstünlük verilir, çünki bu tip həllər daha yüksək təhlükəsizlik və dayanıqlıq təmin edir.
Digər tərəfdən, aşağı sürətli şəhər və şəhərətrafı yollar üçün əyri xətli tirlər kimi elastik həllər daha uyğun hesab olunur.
Ümumilikdə, hansı texniki həllin tətbiq olunması birbaşa sürət rejimi və yolun funksional təyinatından asılıdır. Sürət qaydalarına əməl olunması isə yol təhlükəsizliyinin əsas şərtlərindən biridir.
Əgər müəyyən risklər və qəza ocaqları mövcuddursa, həmin ərazilərdə xəritələşdirmə aparılmalı, qəzaların səbəbləri mikro və makro səviyyədə təhlil edilməli, nəticələrə uyğun olaraq təkmilləşdirmə tədbirləri həyata keçirilməlidir.
Yekun olaraq demək olar ki, hər iki yanaşma – həm əyri xətli tirlər, həm də beton arakəsmələr – öz yerində effektivdir. Onların tətbiqi isə yolun xüsusiyyətlərinə, hərəkət intensivliyinə və sürət rejiminə uyğun şəkildə müəyyənləşdirilməlidir.
Azərbaycanda da bu iki metoddan şəraitə uyğun olaraq istifadə edilməsi mümkündür və praktikada tətbiq olunur".
10:00 04.05.2026
Oxunuş sayı: 110