Ukrayna Krımın enerji körpüsünə zərbələr endirib
Krımda yarımstansiyalar və istilik elektrik stansiyalarına edilən hücumlardan sonra Ukrayna qüvvələrinin Kuban–Krım enerji körpüsünün elementlərini sıradan çıxarmağa başladığı iddia olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, FP-2 kamikadze dronları Kerç ərazisində yerləşən və enerji körpüsünün Krım tərəfində əsas qəbul məntəqəsi hesab olunan PP-2 Krım obyektini hədəfə alıb.
Bildirilib ki, bu obyekt Krasnodar diyarından Krıma ötürülən elektrik enerjisinin əsas giriş nöqtələrindən biridir. Mənbəyə görə, PP-2-nin fəaliyyətinin pozulması yarımadanın enerji təminatında ciddi məhdudiyyətlər yarada bilər.
İddialara əsasən, obyektin tam sıradan çıxması halında Krımın elektrik təchizatında genişmiqyaslı problemlər yarana bilər. Həmçinin qeyd olunur ki, regionun yerli enerji istehsalı və paylanmasına qarşı davam edən zərbələr yay və qış aylarında, xüsusilə yüksək tələbat dövrlərində enerji və su təminatına təsir göstərə bilər.
Məlumatın müstəqil mənbələr tərəfindən təsdiqlənməsi barədə açıqlama verilməyib.
22:00 10.07.2026
Oxunuş sayı: 65