Rəqəmsallaşmanın tədrisə inteqrasiyası uşaqlar üçün nə vəd edir?
Rəqəmsal texnologiyaların təhsilə sürətlə inteqrasiyası son illərdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Xüsusilə şagird və uşaqların dərsləri kompüter və onlayn platformalar vasitəsilə izləməsi ilə ənənəvi əyani tədris forması arasında seçim məsələsi cəmiyyətin diqqət mərkəzindədir. Bir tərəfdə çevik və əlçatan öyrənmə imkanları, digər tərəfdə isə canlı ünsiyyət və sosial inkişafı təmin edən sinif mühiti dayanır. Bu qarşıdurma təhsilin gələcək modeli ilə bağlı sualları daha da aktuallaşdırır.

İngla Kids and Preschoolun direktor müavini, uşaq və yeniyetmə psixoloqu Aysu Həsənova mövzu ilə əlaqədar Crossmedia.az-a açıqlama verib: "Texnologiyanın inkişafı ilə birlikdə dərslərin kompüter, planşet və digər rəqəmsal vasitələrlə keçirilməsi artıq həyatımızın bir hissəsinə çevrilib. Bunun müəyyən üstünlükləri olsa da, uşaqların diqqəti, yaddaşı və psixoloji inkişafı baxımından ənənəvi əyani tədrislə arasında ciddi fərqlər mövcuddur.Ənənəvi tədrisdə yəni kitab oxumaq, yazı yazmaq, müəllimlə canlı ünsiyyətdə olmaq prosesində uşağın beynində daha aktiv öyrənmə baş verir. Xüsusilə əl ilə yazı yazmaq uşağın həm diqqətini, həm yaddaşını, həm də düşünmə sürətini inkişaf etdirir. Uşaq yazarkən məlumatı yalnız görmür, eyni zamanda onu analiz edir və beyində daha uzunmüddətli şəkildə yadda saxlayır. Bu səbəbdən bir çox araşdırmalar göstərir ki, əl yazısı ilə öyrənilən məlumat daha qalıcı olur.Kompüter vasitəsilə keçirilən dərslərdə isə vizual və sürətli informasiya çox olduğu üçün uşağın diqqəti tez-tez bölünə bilir. Ekran qarşısında uzun müddət qalmaq bəzi uşaqlarda diqqət dağınıqlığı, yorğunluq, səbirsizlik və hətta emosional gərginlik yarada bilir. Xüsusilə kiçik yaşlı uşaqlarda beynin inkişaf mərhələsi davam etdiyi üçün həddindən artıq ekran istifadəsi konsentrasiya problemlərinə səbəb ola bilər.Digər vacib məqam isə sosial və emosional inkişafdır. Əyani dərsdə uşaq müəllimin mimikasını, səs tonunu, sinif yoldaşlarının reaksiyalarını müşahidə edir və sosial ünsiyyət bacarıqları formalaşır".
Psixoloq əlavə edib ki, kompüter üzərindən tədrisdə bu canlı emosional əlaqə müəyyən qədər azalır: " Bu da bəzi uşaqlarda özünüifadə çətinliyi və sosial passivlik yarada bilir.Amma bu o demək deyil ki, texnologiya tamamilə zərərlidir. Düzgün və balanslı istifadə edildikdə rəqəmsal tədris uşaqların vizual öyrənməsinə, araşdırma bacarıqlarına və yaradıcılığına müsbət təsir göstərə bilər. Burada əsas məsələ balansdır. Texnologiya təhsili dəstəkləməlidir, onu tam əvəz etməməlidir. Məncə, ən effektiv üsul ənənəvi və rəqəmsal tədrisin balanslı şəkildə birləşdirilməsidir. Çünki uşağın həm akademik biliyə, həm sosial ünsiyyətə, həm də sağlam psixoloji inkişaf mühitinə ehtiyacı var. Təhsil yalnız məlumat yükləmək deyil, eyni zamanda şəxsiyyət formalaşdırmaq prosesidir".
Fatimə
19:00 04.05.2026
Oxunuş sayı: 49