Heydər Əliyevin 103-cü ildönümü münasibətilə Bakıda klassik musiqi konserti keçirilib
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə metronun “Gənclik” stansiyasının yaxınlığındakı istirahət parkında açıq havada Ulu Öndərin əziz xatirəsinə həsr edilən “Bir ömrün simfoniyası” adlı klassik musiqi konserti keçirilib.
Crossmedia.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, paytaxt sakinləri və qonaqların iştirakı ilə keçirilən konsertdə Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu “Archi” Kamera Orkestrinin ifasında musiqi əsərləri səsləndirilib.
Konsert zamanı səhnədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-fotomateriallar nümayiş etdirilib, onun sevdiyi klassik mahnılar səsləndirilib.
Qeyd edilib ki, son illərdə dövlətimizin başçısı İlham Əliyevin ölkəmizin, o cümlədən paytaxt Bakı şəhərinin inkişafı istiqamətində gördüyü işlər və həyata keçirilən böyük layihələr Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib, istifadəyə verilən müasir istirahət parkları və bağlar paytaxtımızı parklar və yaşıllıqlar şəhəri edib.
Konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Aqşin Əlizadə, Arif Məlikov, Müslüm Maqomayev kimi dahi Azərbaycan bəstəkarlarının unudulmaz bəstələri ilə yanaşı, dünyaşöhrətli Yohannes Brams və Astor Piazzollanın də əsərləri ifa edilib.
Azərbaycanın mədəniyyət xadimlərinin bir-birindən maraqlı ifaları ilə keçən təntənəli konsert iştirakçıların böyük marağına səbəb olub, incəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla qarşılanıb.
Konsertə Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
13:03 04.05.2026
Oxunuş sayı: 43