Bakıda Beynəlxalq Xalça Festivalı başlayıb
Bakıda, İçərişəhər ərazisində Beynəlxalq Xalça Festivalı başlayıb. Festivalın əsas məqsədi Azərbaycanın qədim xalçaçılıq sənətini dünyada tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.
Crossmedia.az xəbər verir ki, festival “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir.
Festivalda Azərbaycanla yanaşı, bir sıra ölkələrdən xalçaçılar, istehsalçılar, sənət adamları və mütəxəssislər iştirak edirlər. Festival çərçivəsində Mərakeş, Nepal, Türkiyə, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən gələn qonaqlar öz təcrübələrini bölüşəcək, xalça sənətinin beynəlxalq bazara çıxışı, eləcə də əl sənətlərinin qlobal iqtisadi sistemə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Belə tədbirlər ölkəmizdə xalça sənayesinin müasir dövrün tələblərinə uyğun inkişafına, beynəlxalq əməkdaşlığın, satış bazarlarının genişləndirilməsinə, bu sahədə kiçik və orta sahibkarlığın inkişafına da mühüm töhfələr verir.
Mayın 3-dək davam edəcək festivalın proqramı zəngindir. Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər təşkil olunacaq.
15:12 02.05.2026
Oxunuş sayı: 53