İşə qəbulda mühüm dəyişiklik edilir- Detallar açıqlandı
Əmək bazarında yeni qaydalar gündəmdədir. Milli Məclisdə müzakirəyə çıxarılan qanun dəyişikliyinə əsasən, bəzi peşələr üzrə işə qəbul zamanı namizədlərdən əlavə tibbi yoxlama tələb olunacaq. Təklif edilən yeniliyə görə, xüsusilə narkoloji risk qrupuna daxil edilən sahələrdə çalışan şəxslər üçün daha sərt nəzarət mexanizmi tətbiq edilə bilər ki, bu da qaydalara əməl etməyənlərin işdən uzaqlaşdırılması ilə nəticələnə bilər
Hüquq elmləri doktoru Vüsalə Əhmədova Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, qanun layihəsində peşələrin konkret siyahısı göstərilmir:

" Peşələrin tam siyahısı sonradan ayrıca qanunvericilik aktı ilə müəyyən olunacaq. Qanun layihəsinin məntiqinə əsaslansaq burada, ictimai təhlükəsizlik, insanların həyatı və sağlamlığı üçün risk yaradan peşələr nəzərdə tutulur. Məsələn, sürücü, pilot, maşinist, hüquq-mühafizə və təhlükəsizlik sahələrində çalışanlar, yüksək riskli sənaye sahələri və enerji obyektlərində çalışanlar, səhiyyə müəssisəsi, xəstəxana və pasiyent təhlükəsizliyi ilə bağlı bəzi peşələr, məktəb, bağça, uşaq müəssisəsi kimi həssas qruplarla işləyənlər və s. Yəni, bu norma yalnız siyahıda yer alacaq müəyyən peşələrə şamil edilməlidir. Əsas hüquqi mübahisə düşünürəm ki, şəxsin sağlamlıq vəziyyəti ilə peşənin risk səviyyəsi arasında real əlaqənin qurulmaması zamanı yarana bilər. Şəxsin konkret olaraq iş qabiliyyəti yox, "narkoloji xəstə" statusu əsas götürülərsə bu, hüquqi baxımdan doğru olmaz. Məsələn, şəxs keçmişdə müalicə alıb sağalıbsa və ya hazırda əmək qabiliyyətlidirsə, sadəcə "narkoloji xəstə" statusuna görə avtomatik imtina alması ayrı-seçkilik risqi yaradacaq. Tam sağalmış şəxslərin əmək bazarına qayıtmasına maneə yaradılması sosial reinteqrasiyanı zəiflədə bilər. Həmçinin də, əgər peşələrin siyahısı çox geniş və ya qeyri-müəyyən olarsa, norma sui-istifadəyə açıq olacaq. Azərbaycan Konstitusiyası hər bir şəxsə əmək hüququ tanıyır. Dövlət bu hüququ qanuni əsas olmadan, legitim məqsəd olmadan məhdudlaşdıra bilməz. Əgər siyahı çox geniş olsa, problem yaranacaq".
V.Əhmədova bu səbəbdən hesab edir ki, peşə növlərinin siyahısı məhdud tutulmalıdır: " Əgər peşə növü həmin rəsmi siyahıya daxil deyilsə, işəgötürən bu arayışı tələb edə bilməz. Eləcə də, vətəndaşın hüququdur ki, işə nə üçün qəbul edilmədiyi barədə yazılı əsaslandırma tələb etsin. Tələb qanunsuz qoyulubsa və ya diskriminasiya varsa, məhkəməyə və ya əmək müfəttişliyinə şikayət mümkündür. Eləcə də, narkoloji status şəxsin xüsusi kateqoriyalı şəxsi məlumatıdır, tibbi sirrdir. İşəgötürənə bu məlumatın verilməsi əlbətdə ki, məlumatın HR bölməsində yayılması, qeyri-qanuni saxlanılması, üçüncü şəxslərə ötürülməsi kimi risklər daşıyır. İşəgötürənin özünün də, bu məlumatı bilməsi müdaxilə sayılır. Bu səbəbdən, müvafiq arayışda şəxsin diaqnozu deyil, yalnız vəzifəyə yararlı və ya yararsız olması barədə qeyd yer almalıdır".
Fatimə
20:48 01.05.2026
Oxunuş sayı: 54