BDU-da "Professor Nəsir İmanquliyev dərsləri": Əməkdar jurnalist Elçin Şıxlı ilə görüş
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Əməkdar jurnalist Elçin Şıxlı olub. Layihənin üçüncü dərsi “Ənənəvi jurnalistikanın müasir üslubda cilalanması” mövzusunda keçirilib.
Crossmedia.az BDU-nun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev layihənin Nəsir İmanquliyev irsi və ənənələrinin öyrənilməsi istiqamətində uğurlu nəticələr əldə etdiyini, gənc jurnalistlərin buna maraqla yanaşdığını deyib: “Ustad müəllimlərin yolunu davam etdirən peşəkar jurnalistlərlə görüşlər tələbələrimiz üçün ən yaxşı təcrübədir”.
Elçin Şıxlı çıxışında ölkə və beynəlxalq media resurslarında informasiya kirliliyi ilə bağlı rast gəlinən faktlar barədə danışıb, belə situasiyada dezinformasiyanın bir virus kimi yayıldığını qeyd edib: “Məhz bütün bunlara görə jurnalistika çox məsuliyyətli peşədir. Bu gün bir çox həmkarlar operativliyi dəqiqliyə qurban verirlər. Amma mətbuatda dəqiqlik peşəkarlığın əsas açarı sayılır”.
Hazırda vətəndaş jurnalistikasının genişləndiyindən söz açan Əməkdar jurnalist bunun mediaya ziyan vurduğunu, nüfuzunu aşağı saldığını deyib: “Jurnalistika peşədir və onunla peşəkarlar məşğul olmalıdır. Jurnalistikanı IV hakimiyyət adlandırırıqsa, burada materiallar etik dəyər və prinsiplərə əməl olunaraq hazırlanmalıdır”.
Müasir media resurslarının ənənəvi çap mediasını üstələdiyindən də söz açan “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı bunun mənfi və müsbət nəticələrinə toxunub. Qeyd edib ki, bu gün onlayn media platformalarında baş verən kiberhücum faktları və ya server problemləri illərlə yığılan məlumat bazalarını saniyələr içində yox edir. Bu baxımdan ənənəvi media üstünlüyünü qoruyur: "Jurnalistin yaradıcılıq məhsulu kağız resurslarda daha yaxşı qorunur. Amma müasirlikdən də geri qalmamalıyıq".
Dərsin davamında tələbələrin sualları cavablandırılıb.
Sonda Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə layihənin davamında gözlənilən görüşlər barəsində məlumat verib və tələbələri prosesdə aktiv olmağa çağırıb.
Qeyd edək ki, layihə may ayının sonunadək davam edəcək.
19:00 30.04.2026
Oxunuş sayı: 53