Atestatlar elektron formada veriləcək- Tendensiya nə vəd edir?
Bu ildən etibarən attestatların verilməsi qaydasında dəyişiklik tətbiq olunacaq. Belə ki, artıq məzunlara sənədlər kağız daşıyıcıda deyil, elektron formatda təqdim ediləcək. Yeni sistem sənədlərin daha sürətli və rahat əldə olunmasına imkan yaradacaq. Eyni zamanda, elektron baza vasitəsilə attestatların doğruluğunu asanlıqla yoxlamaq mümkün olacaq. Bu yanaşma həm vaxt itkisinin qarşısını alacaq, həm də sənəd dövriyyəsini sadələşdirəcək. Qeyd olunur ki, yeniliyin mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.
Təhsil eksperti Rəşad Qardaşov Crossmedia.az-a açıqlamasında nəzərdə tutulan addımı dəyərləndirib. Onun sözlərinə görə, attestatların elektron şəkildə təqdim olunması dünya təcrübəsinə əsaslanan bir məsələdir: "Attestatların elektron formada verilməsi bizə müəyyən üstünlüklər verir. Birinci olaraq, rəsmi və etibarlı bir sənəddir. İkinci olaraq, çox asan şəkildə yoxlanıla bilir. Yəni istənilən yerdən, istənilən formada attestatı rahat şəkildə məlumat bazasına daxil olub onun şəffaflığını yoxlaya bilirik. Beləcə, kağız daşıyıcıda müəyyən yerlərə təqdimata ehtiyac qalmır. Bu, insanın özündən də asılıdır, amma itki riski demək olar ki, olmur. Məlumat bazasındadır. “Attestatı hara qoydum, necə qoydum, itirdim” kimi risklər aradan qalxır. Ən əsası, vaxt və əlverişlilik deyilən bir məsələ var ki, müəyyən yerə attestat təqdim etmək istəyirik, məsələn, xarici ölkəyə və yaxud hansısa bir universitetə, vaxta və müvafiq şəraitə uyğun hərəkət edə bilərik. Bu kimi tendensiyalar və üstünlüklər imkan verir ki, ümumilikdə attestatların kağız formadan elektron formaya keçirilməsi məqsədəuyğun hesab edilsin".
Ekspertin şəxsi qənaətinə görə, addım mərhələli şəkildə yerinə yetirilməlidir: "Müəyyən qədər toplu cəmiyyət bu işə hazır və uyğunlaşdırılmış şəkildə olmalıdır. Məsələnin həm də texniki tərəfi var. Biz buna texniki cəhətdən hazır olmalıyıq. Attestatların elektron formada təqdim edilməsinin yarada biləcəyi texniki çətinlikləri bilməliyik. Təbii ki, yaradılan çətinliklər qısa müddət ərzində aradan qaldırılacaq. Lakin istifadəçilərin uyğunlaşdırılması və texniki hazırlığını da əlavə etmək lazımdır. Bu işə daha da təkmilləşdirmə fürsəti yaratmaq lazımdır. Mərhələli şəkildə olarsa, hər keçdiyimiz mərhələdə daha da təkmilləşə bilər və qısa müddət ərzində dövrün tələblərinə cavab verən bu tendensiyanı təqdim edə bilərik. Həmçinin, mərhələli şəkildə keçsək, mümkün riskləri azalda bilərik. Kütləvi şəkildə baş verməsi müəyyən problem yarada bilər. Hazırkı dövr elektron sənəd dövrüdür. Artıq kağız sənədlərə ayrılan zamandan uzaq oluruq. Attestatların elektron şəkildə təqdim olunması vacib tələblərdən biridir. Gələcəkdə bu sistem daha relevant, əlçatan və dinamikliyi təmin edəcək".
Fatimə
18:28 30.04.2026
Oxunuş sayı: 44