Dövlət İmtahan Mərkəzi təhsilin sütunudur- Alim
Təhsil sisteminin keyfiyyət ölçüsü yalnız verilən biliyin həcmində deyil, həm də o biliyin qiymətləndirilməsi mexanizmlərinin ədalətliliyində və humanistliyindədir. Bu mənada, Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətindəki şəffaflıq və özünü təhlil qabiliyyəti müasir Azərbaycan təhsilinin ən güclü sütunlarından birini təşkil edir. Xüsusilə, buraxılış imtahanlarında şagirdlərə əlavə vaxtın verilməsi barədə qəbul edilən son qərar, sadəcə texniki bir dəyişiklik deyil, təhsil sistemimizdə şagirdyönümlü yanaşmanın və psixoloji rifahın ön plana çəkilməsinin mühüm bir göstəricisidir.
Məsələ ilə bağlı Professor, filologiya elmləri doktoru Vüsalə Ağabəyli Crossmedia.az-a açıqlama verib: "Düşünürəm ki, təhsil sistemində şəffaf fəaliyyət göstərən qurumlardan biri məhz DİM-dir. Müəyyən çatışmazlıqlara, yanlışlıqlara baxmayaraq bu qurum mütəmadi olaraq öz fəaliyyətini təhlil edir və yeniləyir. Bu baxımdan da, gələn il buraxılış imtahanlarında şagirdlərə əlavə vaxt verilməsi qərarı təhsil sistemində daha ədalətli yanaşmanın gücləndirilməsi baxımından mühüm addımdır. Düşünürəm ki, bu dəyişiklik şagirdlərin bilik və bacarıqlarını daha rahat və stressiz şəkildə nümayiş etdirmələrinə imkan yaradacaq.
Xüsusilə nəzərə almaq lazımdır ki, imtahan prosesi təkcə biliklərin yoxlanılması deyil, həm də psixoloji amillərlə sıx bağlıdır. Əlavə vaxtın verilməsi şagirdlər arasında fərdi temp fərqlərini nəzərə almağa, onların potensialını daha obyektiv qiymətləndirməyə xidmət edir.
Bu qərar, həmçinin təhsildə humanist yanaşmanın, şagirdyönümlü siyasətin də gücləndirilməsinin göstəricisidir. Ümid edirəm ki, bu addımlar gələcəkdə də davam etdirilərək təhsil sistemimizin keyfiyyətinin daha da yüksəlməsinə təsir edəcək".
Turqut Ansari
19:37 30.04.2026
Oxunuş sayı: 57