Berlində soydaşlarımızla Xalq artisti Fəxrəddin Manafovun görüşü keçirilib
Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq artisti, görkəmli kino və teatr aktyoru Fəxrəddin Manafovla görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla iş üzrə dövlət komissiyası məlumat yayıb.
Görüş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə baş tutub.
Tədbir Fəxrəddin Manafovun iştirak etdiyi film və tamaşalardan seçilmiş fraqmentlərin nümayişi ilə başlayıb. Videomateriallar Xalq artistinin zəngin yaradıcılıq yoluna qısa baxış imkanı yaradıb.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Emin Salayev belə tədbirlərin diaspor üzvləri arasında milli birliyin gücləndirilməsində xüsusi rol oynadığını vurğulayıb. O qeyd edib ki, görkəmli sənətkarlarla birbaşa ünsiyyət həm icma üzvlərinin fəallığını artırır, həm də gənc nəslin Azərbaycan mədəniyyətinə marağını gücləndirir.
Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov, Azərbaycanın Almaniyadakı Səfirliyinin müşaviri Samir Rzayev, tədbirin təşkilində iştirak edən diaspor fəalı Bella Salayeva belə görüşlərin xaricdə milli-mədəni irsin qorunması və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Bu cür tədbirlərin Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri ilə canlı ünsiyyət üçün imkan yaratdığını və ölkəmizin beynəlxalq müstəvidə daha geniş tanıdılmasına töhfə verdiyini söyləyiblər.
Fəxrəddin Manafov çıxışında yarım əsrə yaxın yaradıcılıq fəaliyyətindən söz açaraq, Azərbaycan kino və teatr məktəbinin inkişaf mərhələlərində qazandığı təcrübəni iştirakçılarla bölüşüb. Bildirib ki, səhnədə və ekran qarşısında qazanılan uğurun əsasında sənətə sədaqət, peşəyə hörmət və daim öz üzərində çalışmaq dayanır. Xalq artisti, həmçinin film və teatrlarda oynadığı obrazlardan danışıb, aktyor sənətinin incəliklərindən və bu peşənin daxili intizam tələb edən tərəflərindən söz açıb.
Görüşdə, həmçinin Azərbaycanın görkəmli aktyoru, mərhum Xalq artisti Rasim Balayevin də zəngin yaradıcılığına diqqət çəkilib, onun əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin 17 yaşlı şagirdi Lior Sultanov aktyorun obrazını canlandıran monoloq söyləyib. O, 13 yaşından etibarən Azərbaycan dilini sıfırdan öyrənməyə başladığını və qısa müddət ərzində bu dilə böyük maraq və sevgi göstərdiyini bildirib.
Fəxrəddin Manafov tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək, soydaşlarımızla keçən səmimi görüşdən böyük zövq aldığını dilə gətirib.
Görüş geniş fikir mübadiləsinin aparılması və iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.
12:36 29.04.2026
Oxunuş sayı: 41