Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Zəngilanda keçiriləcək
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2026-cı ilin 2-8 avqust tarixində Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi keçiriləcəkdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi münasibətilə Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi genişmiqyaslı bərpa-quruculuq işləri ilə yenidən canlandırılan Şərqi Zəngəzurun dilbər guşəsi Zəngilanda təşkil olunacaqdır.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini bu yay düşərgəsində iştiraka dəvət edirik.
Düşərgənin proqramına Şərqi Zəngəzurun, həmçinin Qarabağın tarixi, mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.
Digər düşərgələrdə olduğu kimi, bu düşərgədə də gənclər ilk növbədə Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək, yeni dostluqlar qurmaq imkanları qazanacaqlar.
Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. İştirak xərcləri qarşılanacaq. Bundan əvvəl təşkil edilmiş düşərgələrə qatılan gənclərin təkrar iştirakı nəzərdə tutulmur.
Düşərgədə iştirak üçün gənclər 31 may 2026-cı il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilən onlayn anket formasını tam olaraq doldurub göndərməlidir. Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.
Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatlar üçün www.diaspor.gov.az saytını diqqətdə saxlamaq vacibdir.
17:18 28.04.2026
Oxunuş sayı: 44