Floridada Azərbaycan və Türkiyənin mədəni irsi nümayiş olunub
Florida ştatının Cənubi Florida Universitetində Azərbaycanlı Tələbə Cəmiyyəti (ASA) və Türk Tələbə Cəmiyyətinin (TSA) birgə təşkilatçılığı ilə “Azərbaycan–Türkiyə Mədəniyyət Gecəsi” (Azerbaijani–Turkish Cultural Night) adlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbir bütün türk dünyası şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Təxminən 200-ə yaxın tələbə və qonağın qatıldığı tədbirdə iki qardaş xalqın zəngin mədəni irsi, ortaq tarixi kökləri və əsrlərə söykənən mənəvi yaxınlığı nümayiş etdirilib.
Azərbaycanlı Tələbə Cəmiyyətinin rəhbəri Razim Məmmədli və Türk Tələbə Cəmiyyətinin rəhbəri Ege Demir Ölçer tədbiri Floridadakı azərbaycanlı və türk tələbələrin birgə təşəbbüsünün uğurlu nümunəsi kimi dəyərləndiriblər.
ASA-nın katibi Namiq Səfərli və TSA-nın vitse-prezidenti Alp Kerem Albas isə iki ölkənin gəncləri arasında mədəni körpülərin möhkəmlənməsində, ortaq kimliyin və dostluq bağlarının daha da güclənməsində bu kimi mədəni tədbirlərin xüsusi rolunu vurğulayıblar.
Gecədə Azərbaycan rəqsləri, ritm və yallı ifaları ilə yanaşı, Anadolu ruhunu əks etdirən zeybek rəqsi də böyük maraqla qarşılanıb. Hər iki xalqın milli və xalq mahnılarının ifa olunması iştirakçılara unudulmaz, xoş anlar yaşadıb.
Sonda “Çırpınırdı Qara Dəniz” və “İzmir Marşı”nın səsləndirilməsi tədbirə simvolik birlik ruhu qatıb.
Tədbir Azərbaycan və Türkiyənin ortaq mədəni yaddaşını, qardaşlıq və dostluq bağlarını əks etdirən parlaq nümunə olaraq yadda qalıb.
14:43 27.04.2026
Oxunuş sayı: 44