“Yuta-Azərbaycan Dostluq Təşkilatı” festivalda iştirak edib
“Yuta-Azərbaycan Dostluq Təşkilatı” ABŞ-nin Yuta ştatında yerləşən Briqam Yanq Universitetində (Brigham Young University) müxtəlif xalqların dil və mədəniyyətlərinin tanıdıldığı “Dil sərgisi” (Language Fair) adlı festivalda iştirak edib.
Crossmedia.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Universitetin “Uilkinson Tələbə Mərkəzi” (Wilkinson Student Center) binasında baş tutan tədbirdə Azərbaycan dili ilə, zəngin milli mədəni irsimizlə bağlı materialların nümayiş olunduğu guşə yaradılıb. Azərbaycan guşəsi ziyarətçilərin xüsusi marağına səbəb olub. Burada Azərbaycanın dövlət bayrağı, milli atributlar, suvenirlər, eləcə də ölkəmizin tarixini və mədəni zənginliyini əks etdirən vizual materiallar sərgilənib. Ziyarətçilərə Azərbaycan dili haqqında geniş məlumat verilib, gündəlik ünsiyyətdə istifadə olunan ifadələr öyrədilib və dilimizin özəllikləri izah olunub.
Bununla yanaşı, Azərbaycanın tarixi, coğrafiyası və multikultural dəyərləri haqqında broşürlər və təqdimat materialları qonaqlarda ölkəmiz barədə daha dolğun və müsbət təəssürat formalaşdırıb.
Soydaşlarımızın belə bir beynəlxalq platformada fəal iştirakı Azərbaycan dilinin və mədəniyyətinin qlobal miqyasda tanıdılması, ölkəmizin müsbət imicinin gücləndirilməsi baxımından təqdirəlayiq addım kimi qiymətləndirilib.
Məlumat üçün bildirək ki, Briqam Yanq Universitetində 2023-cü ildən etibarən Yuta-Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Qarayevanın təşəbbüsü ilə müəyyən fasilələrlə Azərbaycan dili kursları təşkil olunur. İlkin mərhələdə 11 tələbənin qatıldığı bu kurslara sonrakı dövrlərdə müxtəlif icmalardan olan, o cümlədən amerikalı tələbələr böyük maraq göstəriblər. Tələbələr Azərbaycan dilini öyrənməklə yanaşı, ölkəmizin mədəniyyəti, milli mətbəxi və ənənələri ilə yaxından tanış olmaq imkanı qazanırlar.
13:45 27.04.2026
Oxunuş sayı: 42