AMEA-da Rumıniya alimləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rumıniyanın Yassı şəhərində fəaliyyət göstərən Petre Andrei Universitetinin rektoru dosent, doktor Sorin Bokançanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı akademik İsa Həbibbəyli Azərbaycan ilə Rumıniya arasında müxtəlif sahələrdə mövcud əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O, xüsusilə elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, artıq AMEA-nın Rumıniyanın bir universiteti ilə elmi əməkdaşlıq müqaviləsinin mövcud olduğunu diqqətə çatdırıb. AMEA rəhbəri universitetlərlə yanaşı, Rumıniya Elmlər Akademiyasının elmi-tədqiqat institutları ilə də əlaqələrin qurulmasının əhəmiyyətini önə çəkib. Birgə elmi konfransların təşkili, kitabların nəşri, elmi məqalələrin qarşılıqlı mübadiləsi kimi təşəbbüslərin perspektivli istiqamətlər olduğunu bildirib və bu görüşün gələcək əməkdaşlıq üçün stimul yaradacağını ifadə edib.
Öz növbəsində Petre Andrei Universitetinin rektoru Sorin Bokança rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərini təqdim etdikdən sonra universitetin tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. O, aprelin 22-də Qarabağ Universitetində “Polis” elmi jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasiminin keçirildiyini qeyd edib. Rektor AMEA və Azərbaycan universitetləri ilə elmi əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını vurğulayıb.
Daha sonra “Polis” jurnalının icraçı direktoru dosent, doktor Sabin Draqulin çıxış edərək nəşrin tarixi, elmi məqalələrin qəbul prinsipləri və beynəlxalq fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, jurnal rumın, ingilis, alman və italyan dillərində nəşr olunur və beynəlxalq elmi ictimaiyyətdə geniş tanınır. O, Azərbaycan alimlərini də jurnalla əməkdaşlığa dəvət edib.
Görüş çərçivəsində “Polis” jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxılışı akademik İsa Həbibbəyliyə təqdim edilib, həmçinin qarşılıqlı kitablar hədiyyə olunub.
Sonda nümayəndə heyəti AMEA-nın Rəyasət Heyəti binası ilə tanış olub, onlara binanın tarixi barədə məlumat verilib.
Görüşdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasiliy Soare, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin Birinci katibi İlqar Fərəcov, Petre Andrei Universitetinin tədris və elmi işlər üzrə prorektoru dosent, Dr. Teodora Prelipçean, dosent, Dr. Kristian Bokança, “Polis” jurnalının icraçı direktoru dosent, Dr. Sabin Draqulin, Petre Andrei Universitetinin Senatının sədri Dr. Laviniya Mariya Pruteanu, 2025-ci il üzrə sosiologiya sahəsində Rumıniya Akademiyasının “Henri H. Stahl” mükafatı laureatı dosent, Dr. Ciprian İftimioay və Buxarestdə Prezident Administrasiyası nəzdində Kotroçeni Milli Muzeyinin təmsilçisi siyasi elmlər üzrə fəlsəfə doktoru İoana Draqulin, həmçinin AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov və başqaları iştirak ediblər.
14:00 24.04.2026
Oxunuş sayı: 52