Kəlağayının yenidən doğuluşu - milli dəyərimiz müasir dövrdə necə yaşadılır?
Zaman keçsə də, kəlağayı ilə bağlı dəyərlər və onun simvolik mənaları unudulmur, əksinə yeni nəsillər tərəfindən yenidən mənimsənilir. Bu istiqamətdə keçirilən tədbirlər milli mədəni irsin qorunmasına, onun müasir dövrə uyğun şəkildə təbliğinə və təqdim olunmasına mühüm töhfə verir.
Kəlağayı bu gün də Azərbaycan qadınının zərifliyini və milli kimliyini ifadə edən qədim və aktual mədəni dəyər kimi öz əhəmiyyətini saxlayır.
Crossmedia.az-a açıqlamalarda mütəxəssislər kəlağayının tarixi, incəliyi, estetikası və mənəvi dəyərləri barədə fikirlərini bölüşüblər.
“Dünya Azərbaycan Qadınları” Birliyinin rəhbəri Xatirə Qəmbərova bildirib ki, rəhbərlik etdiyi layihələr 2019-cu ildən etibarən milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliği istiqamətində həyata keçirilir. Onun sözlərinə görə, kəlağayının tanıdılması məqsədilə müxtəlif beynəlxalq layihələr və onlayn təşəbbüslər reallaşdırılıb:

“Xurşidbanu Natavanın 190 illiyi ilə bağlı layihələr, “Heydərbabaya salam” poemasının kəlağayı ilə vizual təqdimatı kimi işlər gördük. Sonradan dünya azərbaycanlı qadınları arasında kəlağayı müsabiqəsi təşkil etdik. Məqsədimiz bu milli dəyəri daha geniş auditoriyaya tanıtmaq və müasir geyim mədəniyyətinə inteqrasiya etmək idi”.
O, həmçinin qeyd edib ki, layihələr nəticəsində bir çox xanımlar ilk dəfə kəlağayı əldə edib və onun əsl mənası ilə tanış olublar. Qəmbərova kəlağayının gələcək nəsillərə düzgün şəkildə ötürülməsinin vacibliyini xüsusi vurğulayıb.
Kanadada Azərbaycan Qadınlarının Dəstək Cəmiyyətinin nümayəndəsi Yeganə Cəfərova isə kəlağayının rənglərinin simvolik mənaları barədə danışıb.

Onun sözlərinə görə, qırmızı kəlağayı sevgi və gəncliyi, ağ saflığı və təmizliyi, qara isə matəmi ifadə edir. Digər rənglər isə həyatın müxtəlif mərhələləri ilə bağlı simvolik məna daşıyır.
Cəfərova həmçinin kəlağayı üzərindəki buta naxışının alov, sonsuzluq və kainat nizamını simvolizə etdiyini bildirib.
Tarixçi və kəlağayı dizayneri Nigar Həziyeva isə kəlağayının tarixi inkişaf mərhələlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın ipəkçilik ənənələri qədim İpək Yolu ilə sıx bağlıdır və təbii boyalar kəlağayının rəng palitrasının formalaşmasında mühüm rol oynayıb:

“Sonradan kəlağayı üzərində müxtəlif naxışlar, xüsusilə təbiət elementləri – dağlar, günəş, quşlar və bitkilər əks olunmağa başladı. Hər bölgənin özünəməxsus ornamentləri bu sənətə köçürüldü”.
N.Həziyeva müasir dövrdə kəlağayının milli kimliyin qorunması baxımından vacib olduğunu vurğulayaraq onun gənclər arasında daha geniş təbliğinə ehtiyac olduğunu bildirib.
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı isə kəlağayının həm mənəvi, həm də sosial funksiyalarından danışıb.

O bildirib ki, kəlağayı keçmişdə yalnız geyim elementi deyil, həm də ünsiyyət və xəbər vasitəsi kimi istifadə olunub:
“Qapılara kəlağayı asılaraq toy xəbər verilib, sülh və anlaşma rəmzi kimi qəbul edilib. 2014-cü ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu dəyərin beynəlxalq səviyyədə tanınması baxımından mühüm hadisə oldu”.
Tomarlı həmçinin qeyd edib ki, hazırda Azərbaycanda kəlağayı muzeyi fəaliyyət göstərir və bu irsin qorunması və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Mütəxəssislərin fikrincə, kəlağayı bu gün də Azərbaycan milli mədəniyyətinin ən zərif və dəyərli simvollarından biri olaraq qalır.
Fatimə Məmmədova
15:35 17.04.2026
Oxunuş sayı: 533