Hörmüzdə yeni oyun: Tramp İranı dənizdən sıxışdırır
ABŞ və İran arasında qarşıdurma son bir həftədə kəskin şəkildə yeni mərhələyə keçib.
Crossmedia.az bu barədə "The Washington Post"a istinadən xəbər verir.
Məlumata görə, Pakistanın paytaxtı İslamabad şəhərində İran rəsmiləri ilə danışıqlar aparıldığı vaxt ABŞ Fars körfəzinə hərbi gəmilər göndərərək İran limanlarına gedən gəmilərin hərəkətini məhdudlaşdırmağa başlayıb. Bu addım faktiki olaraq dəniz blokadası kimi qiymətləndirilir.
Analitiklər bildirirlər ki, belə blokada İranın əsas neft ixrac mərkəzlərindən biri olan Xarq adası üzərində nəzarətin ələ keçirilməsinə bərabər təsir yarada bilər. Bu isə İran iqtisadiyyatına ciddi zərbə vuraraq ölkəni əsas gəlir mənbələrindən məhrum edə bilər.
Eyni zamanda, enerji daşımalarının böyük hissəsinin keçdiyi Hörmüz boğazı üzərində gərginlik xüsusilə Çin üçün risk yaradır. İran neft ixracının məhdudlaşdırılması Pekinə də təsir göstərə və onu Tehrana qarşı diplomatik təzyiqə sövq edə bilər.
ABŞ-nin eyni zamanda beynəlxalq dəniz missiyasının yeni mərhələsini hazırladığı bildirilir. Plan çərçivəsində suların minalardan təmizlənməsi və kommersiya gəmiləri üçün təhlükəsiz dəhlizin yaradılması nəzərdə tutulur. Əgər İran boğazı açmaqdan imtina edərsə, Vaşinqtonun hərbi güc tətbiqini də istisna etmədiyi vurğulanır.
Bu ssenaridə İran gəmilərinin boğaza çıxışı məhdudlaşdırıla bilər ki, bu da ölkəyə böyük iqtisadi itkilər vəd edir. ABŞ hərbi dairələri hesab edir ki, İranın hava hücumundan müdafiə sistemləri, raket qurğuları və dəniz qüvvələri artıq ciddi şəkildə zəifləyib.
Digər tərəfdən, The Washington Times qeyd edir ki, İranın son həftələrdə Hörmüz boğazında atdığı addımlar qlobal bazarlarda qeyri-sabitliyə və neft qiymətlərinin artmasına səbəb olub.
Bu fonda alternativ enerji marşrutlarının əhəmiyyəti artır. Xüsusilə Xəzər regionu ön plana çıxır. Azərbaycan və Qazaxıstan gündəlik 2 milyon bareldən çox neft hasil edərək Qərb bazarları üçün potensial alternativ kimi göstərilir.
Şərqi Asiyanı Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropa İttifaqı ilə birləşdirən Orta Dəhliz layihəsi də strateji əhəmiyyət qazanır və həm Rusiyadan keçən şimal, həm də Hörmüzdən asılı cənub marşrutlarına alternativ kimi qiymətləndirilir.
Bundan əlavə, İran və Azərbaycan arasında artan gərginlik də diqqət çəkir. Məqalədə qeyd olunur ki, ABŞ Azərbaycanla münasibətləri dərinləşdirmək üçün addımlar atır və uzun müddətdir müzakirə olunan 907-ci düzəlişin ləğvi məsələsini yenidən gündəmə gətirib.
09:55 15.04.2026
Oxunuş sayı: 53