ABŞ İran neftinə güzəşti uzatmır: Sanksiyalar sərtləşdirilir
ABŞ-da Donald Tramp administrasiyası İran neftinə tətbiq edilən sanksiyalar üzrə 30 günlük güzəşt müddətini uzatmayacaq.
Crossmedia.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Məlumata əsasən, Tramp administrasiyasının iki rəsmisi bildirib ki, İran neftinin dəniz yolu ilə tranzitinə imkan verən güzəştin müddəti bu həftənin sonunda başa çatacaq və onun uzadılması planlaşdırılmır.
Qeyd olunur ki, bu qərar ABŞ ordusunun İran limanlarına mümkün dəniz blokadası tətbiq etməsi ilə əlaqələndirilir və Vaşinqtonun Tehrana qarşı təzyiq siyasətini daha da sərtləşdirdiyini göstərir.
Rəsmilərdən birinin sözlərinə görə, bu addım ABŞ Xəzinədarlıq Nazirliyi tərəfindən İrana qarşı “tammiqyaslı iqtisadi təzyiq” planının həyata keçirildiyini nümayiş etdirir. Bu yanaşma ABŞ-ın İslam Respublikasına qarşı apardığı “Epik Qəzəb” kimi tanınan hərbi kampaniya ilə də əlaqələndirilir.
Xatırladaq ki, Xəzinədarlıq katibi Skott Besant ötən ay bildirmişdi ki, martın 20-də verilmiş güzəşt təxminən 140 milyon barel İran neftinin qlobal bazarlara çıxmasına imkan yaradır və bu, müharibə şəraitində enerji təchizatına təzyiqi azaltmağa kömək edir.
Güzəşt müddətinin aprelin 30-da başa çatacağı gözlənilir.
09:45 15.04.2026
Oxunuş sayı: 55