Gürcüstandakı soydaşlarımız 9 aprel şəhidlərinin xatirəsini anıblar
Gürcüstanda yaşayan soydaşlarımız 1989-cu ilin 9 aprelində həmin ölkədə baş verən ağır faciə qurbanlarının xatirəsini anıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin nümayəndələri "Bolnisi Mədəniyyət və İstirahət parkı"nda yerləşən memorialı ziyarət edib, önünə gül dəstələri düzüblər. Ardınca şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Mərkəzin icraçı direktoru Rezo Həsənov hadisə barədə geniş məlumat verib. 1989-cu il aprelin 9-da Tbilisi şəhərinin Rustaveli prospektində keçirilən dinc etiraz aksiyası zamanı sovet ordusunun silahsız insanlara qarşı amansız qətliam törətdiyini və 21 nəfərin həyatını itirdiyini diqqətə çatdırıb. Çıxış edən digər ziyalılar 9 aprel hadisələrinin gürcü xalqının azadlıq uğrunda mübarizəsinin ən ağrılı, eyni zamanda şərəfli səhifələrindən biri kimi qiymətləndirildiyini vurğulayıb. Şəhidlərin xatirəsinə ehtiramın qorunmasının və onların uğrunda canlarını fəda etdikləri dəyərlərin yaşadılmasının gənclərin əsas vəzifələrindən biri olduğunu bildiriblər.
Digər bir anım tədbiri Rustavidə keçirilib. Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin üzvləri və şagirdləri Rustavidə yerləşən 9 aprel abidəsini ziyarət edib, önünə güllər düzüblər. Mərkəzin rəhbəri Raida Dərziyeva abidə önünə yalnız kədərli bir günün yad olunması üçün deyil, həm də azadlıq və iradənin sarsılmazlığının dərki məqsədilə toplaşdıqlarını deyib. 9 aprel tarixinin gürcü xalqının müstəqillik yolundakı birliyinin rəmzi adlandırıb. “Unutmayın ki, müstəqil bir ölkənin övladı olmaq həm böyük qürur, həm də böyük məsuliyyətdir",- deyə Raida Dərziyeva söyləyib.
21:45 10.04.2026
Oxunuş sayı: 41