Paşinyanın kortej qəzası - təsadüf, yoxsa siyasi mesaj?
Ermənistanın Baş naziri Nikol Paşinyanın müşayiət etdiyi nümayəndə heyətinə aid avtomobil karvanının yol-nəqliyyat qəzasına düşməsi region ictimaiyyətində ciddi narahatlıq doğurub.
İlkin məlumatlara görə, hadisə zamanı polis avtobusu ilə mülki avtomobilin toqquşması nəticəsində insan tələfatı və xəsarət alanların olduğu bildirilir.
Qəza ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, hadisənin detalları tədricən aydınlaşır.
Məlumata əsasən, Baş nazir qəza baş verməzdən əvvəl sosial şəbəkədə nümayəndə heyətinin Lori bölgəsinə səfəri barədə paylaşım etmiş, Aparanda keçirilən səhər yeməyindən görüntülər yayımlamışdı. Yaxın saatlarda hadisə ilə bağlı daha geniş məlumatların təqdim olunacağı gözlənilir.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Nikol Paşinyanın kortejində baş vermiş yol-nəqliyyat hadisəsi istər-istəməz müxtəlif ehtimallar və şübhələr doğurur. Bu şübhələrin müəyyən hissəsi Rusiya ilə bağlı ehtimallara yönəlir.
Belə ki, bir müddət əvvəl tərəflər arasında kifayət qədər sərt siyasi polemikalar müşahidə olunmuşdur və ümumi siyasi kontekstdə Rusiyanın Paşinyanın yenidən hakimiyyətə gəlməsində maraqlı olmadığı tez-tez vurğulanır.
Əksinə, Rusiyanın daha çox özünə sadiq hesab etdiyi müxalif qüvvələrin hakimiyyətə gəlməsini istədiyi ehtimal edilir.
Bu kontekstdə Robert Köçəryan və Samvel Karapetyan kimi fiqurların seçkilərdə hansı nəticələr əldə edəcəyi xüsusi maraq doğurur. Rusiya mediasında da tez-tez bu şəxslərin seçkilərdən sonra mümkün qələbəsi ilə bağlı müzakirələr aparılır.
Lakin hazırkı mənzərə, o cümlədən Ermənistanda keçirilən sosioloji rəy sorğuları göstərir ki, seçkilər ərəfəsində Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə hələ də öncül mövqedədir.
Doğrudur, əvvəlki dövrlərlə müqayisədə müəyyən səs itkisi müşahidə olunur, lakin buna baxmayaraq liderlik qorunub saxlanılır.
Eyni zamanda, qərarsız seçicilərin sayının yüksək olması diqqət çəkir və bu seçici qrupunun əhəmiyyətli hissəsinin Paşinyana səs verə biləcəyi ehtimal olunur.
Məhz bu amil Rusiyanı ehtiyatlandıran əsas faktor kimi qiymətləndirilir. Çünki Paşinyanın növbəti beşillik dövrdə hakimiyyətdə qalacağı təqdirdə, ölkənin Rusiyanın təsir dairəsindən uzaqlaşaraq Qərbə inteqrasiya prosesini daha da sürətləndirəcəyi gözlənilir. Bu isə regionun geosiyasi balansında ciddi dəyişikliklərə səbəb ola bilər.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, baş vermiş hadisə sırf təbii və texniki səbəblərlə də izah oluna bilər. Yayılan görüntülər qəzanın dağlıq, relyefi mürəkkəb və eroziyaya məruz qalmış ərazidə baş verdiyini göstərir. Bu baxımdan, hadisənin obyektiv səbəblərlə baş verməsi ehtimalı da kifayət qədər yüksəkdir.
Nəticə etibarilə, mövcud vəziyyət həm təbii amillər, həm də mümkün xarici təsir ehtimalları çərçivəsində çoxşaxəli şəkildə qiymətləndirilməlidir və hər hansı qəti nəticəyə gəlmək üçün əlavə faktlara ehtiyac vardır".
Elmir Heydərli
13:24 11.04.2026
Oxunuş sayı: 355